“Sarı gəlinin sorağında” beynəlxalq festivalın xüsusi mükafatına layiq görülüb

“Sarı gəlinin sorağında” beynəlxalq festivalın xüsusi mükafatına layiq görülüb
  19 Oktyabr 2024    Oxunub:718
Azərbaycanın “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında xüsusi mükafata layiq görülüb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından AzVision.az -a bildirilib ki, mükafat filmin rejissoru Mübariz Nağıyevə təqdim olunub.

Türk dövlətlərindən 300 müraciətin daxil olduğu festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Macarıstan və Şimali Makedoniya iştirak edib. Festivalda on film müxtəlif nominasiyalarda mükafat qazanıb.

Qeyd edək ki, “Sarı gəlin” sənədli filmi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilib. Tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranma tarixi, bu barədə xalq arasında dolaşan rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir.

Çəkilişləri Bakı, İsmayıllı, Gədəbəy və Kəlbəcərdə aparılan filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
AzVision.az



Teqlər:





Xəbər lenti