Yağış Bakını iflic etdi: Vəziyyətdən necə çıxmalı? - Ekspert

 Yağış Bakını iflic etdi: Vəziyyətdən necə çıxmalı? -  Ekspert
  22 Oktyabr 2024    Oxunub:1216
Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə hərəkəti çətinləşdirib. Hətta sosial şəbəkələrdə yayılan iddialara görə, Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batan var. Batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.
Şəhər nfrastrukturumuz bir yağışla çökəcək qədər zəifdirmi?

Məsələ ilə bağlı AzVision.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yağış, qasırğa və s kimi təbii fəlakətlər nəticəsində şəhər infrastrukturuna ziyan dəyməsi mümkündür.

Onun sözlərinə görə, Bakı ilə bağlı problem daha dərindir:

Bakıya yağan güclü yağış 2 nəfərin ölümünə səbəb olub
"Çünki Bakının kanalizasiya sistemi əhalisinin sayına uyğun deyil. Ən yaxşı halda 2 milyon insan üçün nəzərdə tutulmuşdu. İndi Bakı və ətrafında 4 milyon insan yaşayır. Yağış yağan kimi də sularının kanalizasiyaya axıdılması mümkünsüz hala gəlir. Nəticə etibarilə belə subasmalar olur. Bu arxitektura səhvlərinin nəticəsidir. Tunellər tikərkən suların yığılmasını nəzərə alaraq orada suların axıdılıb başqa yerə yönləndirilməsi nəzərdə tutulmalı idi. Bunlar edilməyib və tikinti zamanı texniki səhvlər olub".

Ekspert onu da bldirib ki, bu problemlərin qlobal həlli üçün Bakı bir mərkəzdən idarə olunmalıdır:

"Bakı Şəhər İcra Hakimiyyəti var, amma Bakı şəhərində bütün qurumlar, dövlət və hökumət qurumları özləri öz sahələrinə cavabdehdirlər. Bu, Bakı şəhər İcra Hakimiyyətindən kənar baş verir. Amma biz dəfələrlə təklif etmişik ki, Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Mer institutu təsis olunmalıdır, orada seçkilər keçirilməlidir. Bakı şəhərinin hökuməti formalaşmalıdır ki, su, kanalizasiya, nəqliyyat, elektrik enerjisi, qaz təminatı bütün bunlar bir mərkəzdən idarə olunsun.

Bu zaman belə hadisələrin sayı azalar və “məsuliyyətli” şəxslərin üzə çıxmasına səbəb olar. Çünki seçilmiş mer olacaqsa və şəhərdə belə hadisələr baş verəcəksə, növbəti dəfə o seçilməyəcək, insanların gözündən düşəcək. Əhalinin onu seçdiyinə görə yaxasından tutub tələb etmək haqqı da yaranacaq. Böyük şəhər bələdiyyəsinin təsisi bir çox məsələlərin həllində yardımçı ola bilər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   təbiifəlakət   yağış  





Xəbər lenti