İlham Əliyev Milorad Dodiklə görüşdü

      İlham Əliyev Milorad Dodiklə görüşdü
  23 Oktyabr 2024    Oxunub:751
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Bosniya və Herseqovinanın Serbska Prezidenti Milorad Dodik ilə görüşü olub.
AzVision.az xəbər verir ki, Milorad Dodik Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş edib.

Milorad Dodik Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb.

“Siz suveren Azərbaycanın güclü Liderisiniz. Güclü Lider olmadan güclü dövlət də ola bilməz”, - deyən Milorad Dodik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin uğurla inkişaf etməsini məmnunluqla qeyd edib.

O, investisiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd edib və Bosniya və Herseqovinanın da bunda maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev həm işğal, həm də işğaldan sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Dövlət başçısı Bosniya və Herseqovinaya səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev enerji, nəqliyyat infrastrukturu və investisiyalar sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti