Öcalan tarixi qərar qəbul etməyə hazırdır

   Öcalan tarixi qərar qəbul etməyə hazırdır
  24 Oktyabr 2024    Oxunub:1152
Terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri, ömürlük həbs cəzası çəkən Abdullah Öcalan təşkilatı silahı yerə qoymağa çağırmağa hazırdır.
AzVision.az xəbər verir ki, Türkiyənin “Hürriyət” qəzetinin köşə yazarı Əbdülqadir Selvi belə iddia ilə çıxış edib.

Qeyd edək ki, dünən Öcalanın son 3,5 ildə qohumlarından biri ilə ilk görüşü baş tutub - qardaşı oğlu Ömər Öcalan onu ziyarət edib. İki saata yaxın davam edən bu görüşə Türkiyənin Ədliyyə nazirliyi icazə verib. Sonuncu belə görüş 2019-cu ilin avqustunda, Öcalanı qardaşı Mehmetin ziyarət etdiyi vaxt olub. O vaxtdan bəri şəxsi görüşlərə icazə verilmir.

Əbdülqadir Selvi bildirir ki, PKK rəhbəri “tarixi borcunu yerinə yetirməyə və PKK-nı silahı yerə qoymağa çağırmağa” razılaşıb. O, bacısı oğluna saxlanma şəraitinin yumşaldılması və təmaslara icazə verilməsi şərti ilə bunu etməyə hazır olduğunu açıqlayıb.

“Hürriyet” qəzetinin yazdığına görə, Öcalan prezident Rəcəb Tayyib Ərdoğanın siyasi müttəfiqi Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalının parlamentə gələrək “terrorun bitdiyini, PKK-nın ləğv olunduğunu” bəyan etməsi çağırışına cavab verib. Selvi bildirib ki, bu, “Öcalan üçün son şans kimi qiymətləndirilir”.

Türkiyə Suriya və İraqa zərbələr endirib - VİDEO
Oktyabrın 23-də Ankarada törədilən terror aktı fonunda hazırda Türkiyədə PKK ilə bağlı vəziyyət çox kəskinləşib. İki silahlı terrorçunun aerokosmik korporasiyaya hücumu nəticəsində 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bildirib ki, hakimiyyətin hücumun arxasında PKK yaraqlılarının dayandığına inanmaq üçün ciddi əsasları var. Məhz bu baxımdan, bu gecə Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) Suriya və İraqda PKK-nın 30-dan çox hədəfini vurub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Öcalan   çağırış  





Xəbər lenti