Amerikalılar: “Seçkilərdən sonra iğtişaşlar olacaq”

      Amerikalılar:    “Seçkilərdən sonra iğtişaşlar olacaq”
  25 Oktyabr 2024    Oxunub:1042
ABŞ vətəndaşlarının təxminən 62%-i noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkilərindən sonra “zorakılıq partlayışlarının” ola biləcəyini düşünür.
AzVision.az xəbər verir ki, “Ipsos” sorğu xidməti və “Scripps News” kanalı tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə istinad edən “Axios” portalının yaydığı məlumata görə, sorğuda iştirak edən Demokrat Partiyası tərəfdarlarının 70%-i və Respublikaçıların 59%-i bu fikrə şərikdir.

Maraqlıdır ki, respondentlərin 51%-i seçki günü iğtişaşların yatırılması üçün hərbi gücdən istifadəni dəstəkləyəcəklərini bildirib. Bu variantla razılaşanlar arasında respublikaçıların payı 61 faiz, demokratların payı isə 51 faiz təşkil edir.

Eyni zamanda, respondentlərin 63%-i seçkinin nəticələrinin ədalətli hesablanacağına əmin olduğunu bildirib. Onların 77%-i dəstəklədiyi namizəd uduzsa belə, səsvermənin nəticələrini qəbul etmək istədiyini açıqlayıb. Oktyabrın 18-20-də keçirilən və 1028 nəfərin rəyi soruşulan sorğunun xəta marjası 3,3 faiz təşkil edib.

Qeyd edək ki, bundan əvvəl Amerika kəşfiyyatının yüksək rütbəli rəsmiləri prezident seçkilərindən sonra Rusiya və İranın ABŞ-da zorakılıq etirazları törətməyə cəhd göstərə biləcəkləri barədə xəbərdarlıq etmişdilər. Milli kəşfiyyatın məxfilikdən çıxarılmış memorandumuna görə, ABŞ-nin rəqiblərinin məqsədi Amerika cəmiyyətində parçalanmalar yaratmaq və seçkilərin nəticələrini şübhə altına almaqdır ki, bu da hakimiyyətin rəvan keçidini çətinləşdirə bilər.

Hesabat müəlliflərinin fikrincə, Rusiya və İran özləri etiraz aksiyaları təşkil edə və ya vətəndaşları sosial şəbəkələrdə yalan məlumatlar və saxta bəyanatlar yaymaqla belə aksiyalarda iştiraka sövq edə bilərlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   seçkilər   iğtişaşlar  





Xəbər lenti