Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub

Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub
  25 Oktyabr 2024    Oxunub:633
Bu gün Rusiyanın paytaxtı Moskvada Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov və Moskva Şəhəri Hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vyaçeslav Manuylov və digər dövlət rəsmiləri, eləcə də Rusiya və Azərbaycanın turizm sənayesinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin təməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyini qeyd edib.

Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxillik tarixə əsaslanır və onların inkişafına əsas təkan dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.

Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək.

Hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiya aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək iki ölkə arasında fasiləsiz hava əlaqəsini təmin edir.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti