İsrail: “İranın strateji müdafiə potensialı məhv edilib”

      İsrail:    “İranın strateji müdafiə potensialı məhv edilib”
  28 Oktyabr 2024    Oxunub:979
İsrail oktyabrın 26-da İranın hərbi obyektlərinə hücum zamanı bu ölkənin bütün strateji müdafiə imkanlarını məhv edib.
AzVision.az xəbər verir ki, “Qaley ÇAXAL” ordu radiosunun hərbi müxbiri Doron Kadoş İsrailin Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən belə məlumat yayıb. Onun sözlərinə görə, söhbət uzaq mənzilli zenit-raket komplekslərindən gedir.

“İranın iki belə modeli var idi - Rusiyanın S-300 sistemi və digər təkmilləşdirilmiş İran istehsalı modeli. Bütün komplekslər, eləcə də uzaq mənzilli radarlar məhv edilib. Əslində Tehranın yalnız öz istehsalı olan qısa mənzilli kompleksləri qalıb”, - Kadoş “X” sosial şəbəkəsində yazıb.

İsrail tərəfinin qiymətləndirməsinə əsasən, “Tövbə günləri” əməliyyatı zamanı İran “qarşıdakı iki-üç il ərzində” strateji imkanlarını itirib. Hava hücumundan müdafiə (HHM) komplekslərinə əsas ziyan Tehranda və İranın qərbində qeydə alınıb. Ordu radiosunun məlumatına görə, əvvəllər İsrail istiqamətində ballistik raketlər məhz bu yerlərdən atılıb.

- Eyni zamanda İranın mövcud raket arsenalına da ziyan dəyməyib. Ölkədə təxminən 2 min uzaq mənzilli ballistik raket var, lakin indi İslam Respublikası onlardan qənaətlə istifadə edəcək, çünki yenilərini istehsal etmək və ya xaricdən ehtiyatı artırmaq imkanı məhduddur”, - Doron Kadoş bildirib.

Xatrıladaq ki, İsrail oktyabrın 26-na keçən gecə İranın Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi mərkəzlərə təyyarələr vasitəsi ilə hücum edib. Rəsmi Tehran İranın hava hücumundan müdafiə (HHM) qüvvələri hücumu dəf etdiyini, lakin “məhdud ziyan dəydiyini” və dörd İran əsgəri həlak olduğunu bildirib. İslam Respublikasının prezidenti Məsud Pezeşkian İranın İsraillə müharibə istəmədiyini, amma, bununla belə, öz torpaqlarını müdafiə etməyə və “təcavüz”ə cavab verməyə hazır olduğunu açqılayıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə, Tehranın oktyabrın 1-də İsrailə 200 ballistik raket atmasının cavabında İranın HHM və raket istehsalına zərər vuran zərbənin “güclü” olduğunu və “bütün məqsədlərinə çatdığını” iddia edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İsrail   İran   hücum  





Xəbər lenti