Zelenski Qərbi məxfi məqamları açmaqda ittiham edib

   Zelenski Qərbi məxfi məqamları açmaqda ittiham edib
  31 Oktyabr 2024    Oxunub:1128
Kiyevin Vaşinqtondan Amerikanın 2400 km məsafə qət edən “Tomaqavk” raketlərini istəməsi barədə xəbərlər yayan Qərb mediası məxfi məlumatları açıqlayıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Qərbdəki müttəfiqlərinin və Qərb mediasının belə hərəkətlərindən narazılığını bildirib.

“Mən onlardan (Qərb müttəfiqləri – red. ) “qələbə planında” uzaq mənzilli silah paketinin verilməsini xahiş edəndə mənə dedilər ki, bu, eskalasiyadır. İndi mediada baş verənləri görürsünüz – onlar bildirdilər ki, Ukrayna “Tomaqavk” kimi çoxlu raketlər almaq istəyir. Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Bu mesajları necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında heç bir məxfilik yoxdur”, - Zelenski Şimali Avropa mediası üçün mətbuat konfransında bildirib.

Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Zelenskinin planının qapalı hissəsində Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin tədarükü təklifi var. Nəşrin yazdığına görə, Amerika rəsmiləri bunu “tamamilə qeyri-mümkün tələb” sayırlar. Qəzet onu da bildirib ki, Zelenski Vaşinqtonu Qərb silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirmək qərarına gəlməyə inandıra bilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Qərb   məxfilik  





Xəbər lenti