İran İsrailə cavab vermək qərarına gəlib

İran İsrailə cavab vermək qərarına gəlib
  02 Noyabr 2024    Oxunub:453
İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İsmayıl Kövsəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu qərarı ötən həftə İranın Ali Milli Təhlükəsizlik Şurası verib.

Hökumət və yaxud başqa rəsmilərin “İran İsrailə cavab verməsin” demələri mümkündür. Lakin yekun qərar sözügedən qurum tərəfindən verilib.

Kövsəri deyib ki, İranın İsrailə hücum vaxtı silahlı qüvvələrin səlahiyyətindədir. Hücumun hansı səviyyədə həyata keçirilməsi İran Silahlı Qüvvələri tərəfindən müəyyən olunacaq.
İranlı deputat qeyd edib ki, İranın hərbi cavabı bölgədəki “müqavimət qüvvələri” ilə birlikdə həyata keçiriləcək.

Qeyd edək ki, 26 oktyabrda İsrail İranın Tehran, Xuzistan və İlam vilayətlərində hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İranın Havadan Müdafiə Qərargahı hava hücumuna reaksiya verdiyini, 4 hərbçisinin öldüyünü və məhdud şəkildə zərər dəydiyini bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti