Trampın qələbəsi Mark Rütteni də ruhlandırıb

   Trampın qələbəsi Mark Rütteni də ruhlandırıb
  06 Noyabr 2024    Oxunub:813
Respublikaçı Donald Trampın prezident seçkilərində ABŞ-nin indiki vitse-prezidenti demokrat Kamala Harris üzərində qələbəsi NATO-nun baş katibi Mark Rütteni də biganə qoymayıb.
AzVision.az bildirir ki, Donald Trampı ABŞ-də keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən NATO-nun baş katibi Mark Rutte “güc vasitəsilə sülhün təşviqi” üçün onunla birgə çalışacağına söz verib.

“Onun liderliyi bir daha bizim alyansımızı ittifaqımızı möhkəm saxlamaq üçün əsas olacaq. Mən NATO və güc vasitəsilə sülhə nail olmaq üçün onunla yenidən işləməyi səbirsizliklə gözləyirəm”, - Rütte “X” sosial şəbəkəsində yazıb.

Oktyabrın əvvəlindən Şimali Atlantika Alyansının baş katibi vəzifəsini tutan Rütte bundan öncə Rusiya prezidenti Vladimir Putinə Ukraynada qalib gəlməyə imkan verməyəcəyini bildirmişdi.

- Biz onun öz məqsədlərinə çatmaması və Ukraynanın qalib gəlməsi üçün lazım olan hər şeyi edəcəyik. Alyans ölkələri Rusiyanın “silah cingildəməsinə” əhəmiyyət verməyəcək”, - NATO-nun baş katibi demişdi.

Qeyd edək ki, Rüttenin bəyanatından əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də Trampa təbrikində onun beynəlxalq məsələlərdə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Məhz bu prinsip praktikada Ukraynada ədalətli sülhü yaxınlaşdıra bilər. Ümid edirəm ki, biz birlikdə bunu həyata keçirəcəyik”, - Zelenski Donald Trampa təbrik müraciətində deyib.

Seçkilərin ilkin nəticələri bəlli olduqdan sonra tərəfdarları qarşısında çıxış edən Trampın özü də dünyada gedən müharibələri dayandıracağına söz verib.

- Onlar müharibəyə başlayacağımı deyirdilər. Mən müharibəyə başlamayacağam, müharibəni dayandıracağam. Məni prezidentliyim dövründə İŞİD-i məğlub etdiyimiz vaxtlar istisna edilməklə, heç bir müharibə olmayıb”, - Donald Tramp vurğulayıb.

Xatırladaq ki, seçkiqabağı kampaniyası zamanı Tramp, qalib gələcəyi halda, 2025-ci il yanvarın 20-də rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl Ukraynadakı hərbi münaqişəyə son qoya biləcəyini dəfələrlə bəyan edib. O, həmçinin İsrailə hərtərəfli dəstək verməyə və Yaxın Şərqdə münaqişəyə son qoymağa nail olacağına da söz verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Rütte   Zelenski  





Xəbər lenti