Amsterdam İsrailin xəbərdarlığına etinasız yanaşıb - VİDEO

   Amsterdam İsrailin xəbərdarlığına  etinasız  yanaşıb   - VİDEO
  08 Noyabr 2024    Oxunub:1173
İsrailin Diaspor nazirliyi bildirib ki, noyabrın 7-də saat 19-dan az sonra nazirliyin antisemitizmə nəzarət mərkəzi Amsterdamda israillilər üçün təhlükə yarandığı barədə üç müxtəlif xəbərdarlıq alıb.
AzVision.az İsrailin “Detali” portalına istinadən xəbər verir ki, Diaspor nazirliyi məlumatları “ŞABAK (Şin Bet)” ümumi Təhlükəsizlik Xidmətinə və baş nazir Benyamin Netanyahunun ofisinə çatdırıb. Bu qurumalr, öz növbəsinə, xəbərləri azarkeşlərin təhlükəsizliyinə cavabdeh olan Hollandiyanın yerli təhlükəsizlik qüvvələrinə ötürüblər. Lakin israillilərə qarşı hücumların qarşısını almaq mümkün olmayıb.

“Gecə 02:30-da hadisələr nəzarətdən çıxıb və təəssüf ki, yerli qüvvələr israilli futbol azarkeşlərini qorumaq missiyasını yerinə yetirə bilməyiblər”, - İsrailin Diaspor nazirliyinin açıqlamasında deyilir.

Məlumatda kütləvi iğtişaş törədənlərin qızışdırılmasının və toplanmasının sosial şəbəkələr vasitəsilə həyata keçirildiyi bildirilir. İsrailin təhlükəsizlik sisteminin iddiasına görə, “Mossad” Milli Təhlükəsizlik Xidməti iğtişaşlar törətmək və israilli azarkeşlərə zərər vurmaq niyyətlərini əvvəlcədən müəyyənləşdirərək, Milli Təhlükəsizlik Qərargahına və Diaspora nazirliyinə xəbərdarlıq edib.

- “Моссада”ın Avropa şöbəsi hətta hollandiyalı həmkarlarına rəsmi müraciət göndərərək, stadionda və onun ətrafında yerli polislərin sayının əhəmiyyətli dərəcədə artırılmasını tələb edib”, - İsrailin “Detali” saytı yazır.

Qeyd edək ki, İsrailin BMT yanında daimi təmsilçisi Danni Danon dünən futbol üzrə Avropa Liqasının yerli “Ayaks” klubu ilə Təl-Əvivn “Makkabi” klubları arasında Amsterdamda keçirilən matçdan sonra israilli futbol fanatlarının hücuma məruz qaldığını bildirib.

“Biz Hollandiya küçələrində israillilərə və yəhudilərə qarşı ifrat zorakılığa dair çox narahatedici xəbərlər alırıq. Avropada qırğınlar 2024-cü ildə baş verir. Bu, bizim mübarizə apardığımız radikal terror tərəfdarlarının əsl simasıdır. BMT-nin fələstinlilər və onları dəstəkləyənlər tərəfindən törədilən zorakılığı dərhal və birmənalı şəkildə pisləməsinin vaxtıdır və Hollandiya hakimiyyəti terrorizmə qarşı dərhal qəti addımlar atmalıdır”, - Dannon “X” şəbəkəsində etdiyi paylaşımda paltarlarında Fələstin dövlətinin simvollarını geyən insanların hücumunun videosunu da yerləşdirib.


“Ynet” nəşrinin yazdığına görə, bəzi videolarda naməlum şəxslərin israillilərin qaldığı otellərə soxulma cəhdləri əks olunub.

- Hücumlar bir neçə azarkeşin küçəyə qoyulmuş Fələstin bayrağını götürməsindən sonra baş verib. Hətta suya atdıqları bir azarkeşi sudan çıxmazdan əvvəl “Fələstin azad olunacaq” deməyə məcbur ediblər. Ən azı beş azarkeş bıçaqlanıb, bəzilərini isə yoldan keçən avtomobil vurub”, - qəzet bildirib.

İsrailin Xarici İşlər nazirliyinin məlumatlarına istinad edən “The Times of Israel” qəzeti Amsterdamdakı hadisələrdə ən azı 10 israillinin yaralandığını və onlardan 5 nəfərin hospitala yerləşdirildiyini vurğulayıb. Habelə, İsrail XİN-in rəhbəriQideon Saarın Hollandiyaya təcili səfərə yollandığı da deyilir.

Hollandiyanın ifrat sağçı “Azadlıq” Partiyasının lideri Qert Vilders israilli azarkeşlərə hücuma görə məsuliyyət daşıyanların deportasiya olunmasına çağırıb.

“Bu, Amsterdam küçələrində yəhudilərin ovuna bənzəyir. Küçələrimizdə Təl-Əvivin “Makkabi” klubunun azarkeşlərinə hücum edən cinayətkarları həbs və deportasiya edin”, – Vilders “X” sosial şəbəkəsində yazıb.

Hollandiya mediasında yayımlanan xəbərlərə əsasən, hadisələrdən sonra ölkənin hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən ən azı 65 adamı həbs edib. Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu Amsterdamdan israillilərin təxliyəsi barədə göstəriş verib. İmkanı olan israillilərin dərhal vətənə qayıtması üçün İsrail Hollandiyadan uçuşların sayını artırıb.

Eyni zamanda, İsrailin Xarici İşlər nazirliyi və Milli Təhlükəsizlik Şurası (MTŞ) Amsterdamda olan İsrail vətəndaşlarına qaldıqları otellərdən bayıra çıxmamağı tərk etməməyi tövsiyə ediblər. “ŞABAK” isə, İsrailin Hollandiyadakı nümayəndəliklərində təhlükəsizliyi və İsrailə uçan uçuşlarda təhlükəsizliyi gücləndirmək qərarına gəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hollandiya   israillilər   hücum  





Xəbər lenti