Ərdoğan Türkiyənin ətraf mühitlə bağlı hədəflərini açıqladı

Ərdoğan Türkiyənin ətraf mühitlə bağlı hədəflərini açıqladı
  13 Noyabr 2024    Oxunub:521
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 Liderlər Sammitində iştirakı ilə bağlı paylaşım edib.
Dövlət başçısı paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasındadır.

2053-cü ilə qədər sıfır emissiya və yaşıl inkişafa nail olmaq məqsədilə Türkiyə iqtisadiyyatının aparıcı sektorlarının tədricən yeniləndiyini bildirən Prezident Ərdoğan, hökumətin həyata keçirdiyi İqlim dəyişikliklərinə uyğunlaşma Strategiyasına dair 2024-2030-cu illəri əhatə edən Fəaliyyət Planından bəhs edib.

Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsinin bu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunu vurğulayıb.

“2053-cü ilə qədər əsas prioritetlərimiz: bərpaolunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Türkiyənin 31 min MVt olan külək və günəş enerjisi potensialını 2035-ci ilə qədər 120 min MVt-a çatdırmağı planlaşdırırıq. Nüvə enerjisində hədəfimiz isə 2050-ci il üçün 20 min MVt təşkil edir. Həmçinin növbəti altı il ərzində 100 milyon ton qaz ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”, - deyə paylaşımda qeyd olunur.

Türkiyə Prezidenti, xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” layihəsinin əhəmiyyətinə də nəzər salaraq, bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizəyə təkan verdiyi ifadə edilib.

“İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu istiqamətdə olan qlobal səyləri daha güclü və təsirli edəcək. İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək “İqlim maliyyəsi” hədəfləri də müəyyən ediləcək. Bu uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, - deyə Ərdoğan bildirib.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti