"İran və Ermənistan arasında rəqabət gedir"

   "İran və Ermənistan arasında rəqabət gedir"
  17 Noyabr 2024    Oxunub:906
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, İrəvan və Bakı sülh müqaviləsi ilə yanaşı strateji saziş də bağlamalıdırlar. Onun sözlərinə görə, yaxın əsrlərdə xalqların dinc yanaşı yaşaması üçün bu saziş imzalanmalıdır. Paşinyan bildirib ki, İrəvan danışıqların dalana dirənməsini istəmir.
Paşinyanın bu çıxışını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında yanaşı yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar:

Paşinyan Azərbaycana sadələşdirilmiş qaydalar təklif edib - VİDEO
"Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirdiyi halda, ona müxalif qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi? O, birinci bu suala cavab tapmalıdır. Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, müxalifət əngəli ortadan qaldırılacaq".

Regional kommunikasiyaların açılması məsələsinə gəldikdə isə, politoloq qeyd edib ki, baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır:

"Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq.

Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   NikolPaşinyan   Ermənistan   stratejisaziş  





Xəbər lenti