Nəhəng məbləğdə kriptovalyuta oğurlamış haker 5 il həbs cəzası aldı

   Nəhəng məbləğdə kriptovalyuta oğurlamış haker 5 il həbs cəzası aldı
  15 Noyabr 2024    Oxunub:583
Rusiya və ABŞ vətəndaşı olan İlya Lixtenşteyn ABŞ-də tarixin ən böyük kriptovalyuta oğurluğundan əldə edilən gəlirlərin yuyulmasına görə 5 illik həbs cəzasına məhkum edilib.
AzVision.az xarici media resurslarına istinadən xəbər verir ki, İlya Lixtenşteyn 2016-cı ildə “Bitfinex” kriptovalyuta birjasının sındırılmasında və təxminən 120.000 bitkoinin oğurlanmasında günahını etiraf edib. Onda oğurlanan məbləğ 71 milyon dollar həcmində qiymətləndirilirdi, lakin sonra “Bitcoin”in kəskin bahalaşması nəzərə alınaraq həmin məbləğ 4,5 milyard dollara yüksəldi. İndiki məzənnə ilə bu, 10 milyard dollardan çoxdur.

ABŞ-nin baş prokurorunun müavini Liza Monakonun sözlərinə görə, bu iş üzrə müsadirə edilən aktivlər ABŞ Ədliyyə nazirliyinin tarixində ən böyük müsadirə olub.

2022-ci ilin fevralında həbs edildikdən sonra həbsxanada saxlanılan Lixtenşteyn əməlinə görə peşman olduğunu bildirib. O, həmçinin bildirib ki, cəzasını çəkdikdən sonra kibercinayətkarlıqla mübarizədə öz bacarıqlarından istifadə etməyə ümidlidir.

Qeyd edək ki, İlya Lixtenşteynlə birlikdə keçən il çirkli pulların yuyulması üçün sui-qəsddə günahını etiraf edən həyat yoldaşı Hezer Morqan həbs olunub. Onun barəsində məhkəmə verdikti noyabrın 18-də çıxarılmalıdır.

“Məhkəmə sənədlərinə görə, Lixtenşteyn “Bitfinex” mübadiləsini sındırmaq üçün qabaqcıl haker alətlərindən istifadə edib. O və həyat yoldaşı pulları yumaq üçün müxtəlif mürəkkəb üsullardan istifadə ediblər. Bu üsullara saxta şəxsiyyətlərdən istifadə, müxtəlif kriptovalyutalara vəsait köçürmək və qızıl almaq daxildir”, - ABŞ Ədliyyə nazirliynin açıqlamasında deyilir.

Prokurorların iddiasına görə, Rusiyada doğulub ABŞ-də böyüyən İlya Lixtenşteyn ailəvi səfərlər zamanı kuryerlərlə görüşərək yuyulmuş pulları Rusiyaya köçürüb.

Çıxarılan vəsaitlərin bir hissəsi müxtəlif alışlara, məsələn, 500 dollarlıq “Walmart” hədiyyə kartına xərclənib. Məhkəmə sənədlərində bildirilir ki, məhz bu kartla edilən alış-veriş cinayətkarların izinə düşməyə bir çox cəhətdən kömək edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lixtenşteyn   kriptovalyuta   həbs  





Xəbər lenti