Tramp-Mask münasibətləri Çinə görə pisləşə bilər

   Tramp-Mask münasibətləri Çinə görə pisləşə bilər
  16 Noyabr 2024    Oxunub:945
Tramp və Mask arasında münasibətlər Çinə yanaşma ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşə bilər.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Tesla şirkətinin sahibi İlon Mask arasında münasibətlər, Vaşinqtonun Çinə yanaşması ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşə bilər.

Tesla'nın "gigafabriki"nin Şanxayda yerləşdiyini və Maskın aprel ayında Çin Baş naziri Li Qiang ilə görüşündə, Şanxaydakı zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandıraraq, Tesla-nın Çin Xalq Respublikası ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu bildirdiyi qeyd edilir.

Maskın "Çin əlaqələri", onun Trampla münasibətlərinə və buna görə də ABŞ hökumətindəki mövqeyinə mənfi təsir göstərə bilər.

Nyu-Yorkdakı Asia Society Policy Institute analitik mərkəzinin eksperti Neil Thomas, "Tramp və Mask arasında mübahisə baş verə bilər, çünki Mask Çinə qarşı sərt iqtisadi siyasətləri dəstəkləməyəcək" deyə bildirib. Lakin o, ixtilafın qarşısını almağın mümkün olduğunu və Maskın Trampın Pekinə qarşı siyasətinin formalaşmasına kömək edəcəyini də istisna etməyib.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Tramp, seçki proqramında Çindən idxal olunan mallara 60% rüsum tətbiq etməyi təklif edib. Bloomberg-in hesablamalarına görə, Çin Vaşinqtonun idxal tariflərini artırmasına cavab olaraq stimullaşdırıcı monetar və fiskal siyasət tətbiq edə, həmçinin yuanı devalvasiya edə bilər.

“Financial Times” qəzeti isə yazır ki, Pekin, Trampın yeni administrasiyası dövründə ABŞ-la ticarət müharibəsinin kəskinləşməsi halında Amerika şirkətlərinə qarşı güclü əks tədbirlər hazırlayıb.

Əvvəlki Tramp administrasiyası Çinə qarşı ticarət müharibəsi başlatmış və 370 milyard dollarlıq Çin malına tariflər tətbiq etmişdi. Çin rəsmilərinin fikrincə, bu addım təkcə Çin şirkətlərinə deyil, həm də amerikalı istehlakçılara mənfi təsir göstərib.

AzVision.az



Teqlər:





Xəbər lenti