QHT-lərin problemləri müzakirə edilib

QHT-lərin problemləri müzakirə edilib
  18 İyul 2014    Oxunub:1054
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə 16 iyul 2014-cü ildə Göyçay şəhərində QHT-lərin müsbət təcrübəsinin yayılması və QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklər mövzusunda toplantı keçirib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və bələdiyyə nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bölgədəki QHT-lərin fəaliyyəti, həyata keçirdikləri sosial-ictimai layihələr haqqında danışaraq tədbirin keçrilməsinin zəruri ehtiyacdan doğduğunu qeyd edib. QHT sədri vətəndaş cəmiyyətinin maliyyə əsaslarının möhkəmləndirilməsi, onlara müxtəlif sahələr üzrə xidmətlərin təşkilində ötən illər ərzində əldə olunan uğurlardan danışaraq Şuranın ictimai sektorun inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib.

Şura üzvü Sahib Məmmədov QHT-lərlə bağlı qanunvericilik aktlarına edilən son əlavə və dəyişikliklərin mahiyyəti haqqında toplantıda iştirakçılarına məlumat verərək onların mövcud boşluqları aradan qaldırmaq və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət etdiyini qeyd edib.

Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ölkəmizdə ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışan S.Məmmədov QHT-lərin müsbət təcrübəsinin yayılmasının zəruri olduğunu qeyd edib.

Sahib Məmmədov Şuranın QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında danışıb və ictimai sektorun fəallığını artırmasının vacibliyini vurğulayıb.

S. Məmmədov “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsində Şuranın üzərinə düşən vəzifələr, həyata keçirdiyi tədbirlər və görülməli olan işlər haqqında geniş məlumat verib.

Şura üzvü tədbirin sonunda iştirakçıların yoxsulluğun azaldılması sahəsində görülən işlər, QHT-lərin fəaliyyəti, qanunvericilikdə edilmiş son əlavə və dəyişikliklər və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Qalereya




Teqlər:  





Xəbər lenti