ŞABAK-ın rəhbəri gizli şəkildə Türkiyəyə gəlib

ŞABAK-ın rəhbəri    gizli şəkildə    Türkiyəyə gəlib
  19 Noyabr 2024    Oxunub:619
Ötən şənbə günü İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet və ya ŞABAK) rəhbəri Ronen Bar Türkiyəyə gizli səfər edərək Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.
AzVision.az xəbər verir ki, İsrailin “Detali” qəzeti məlumatlı mənbələrə istinadən görüşdə girovlarla bağlı danışıqların bərpası və Türkiyənin mümkün yardımı müzakirə edilib.

Nəşr daha əvvəl xəbər vermişdi ki, İsrailin baş naziri Binyamin Netanyahu bazar günü yüksək səviyyəli nazirlər və təhlükəsizlik rəhbərləri ilə oğurlananların azad olunması səylərini müzakirə etmək üçün görüş keçirib. Ronen Bar Türkiyədəki təmaslarının nəticələri barədə müzakirə iştirakçılarını məlumatlandırıb.

Görüşdə İsrailin Təhlükəsizlik orqanlarının - Mossadın və ŞABAK-ın rəhbərləri, habelə Baş Qərargah rəisi və oğurlananların azad edilməsi qərargahının rəhbəri - müharibənin dayandırılmasına razı olmayan HƏMAS-ın ÇAXAL-ın Qəzza zolağından çıxarılması tələbini irəli sürdüyünü bildiriblər. Onlar vurğulayıblar ki, hökumət girov sövdələşməsində maraqlıdırsa, məsələ ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməlidir.

Netanyahu, öz növbəsində, Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bu müzakirənin ciddi olduğunu bildirib. “Detali”, həmçinin Türkiyənin diplomatik dairələrində adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən əvvəllər Qətərdə uzun müddət yaşamış HƏMAS liderlərinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlərin doğru olmadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Türkiyə   kəşfiyyat  





Xəbər lenti