İsrail “Hizbullah”da çoxlu Rusiya silahı aşkarlayıb

   İsrail “Hizbullah”da çoxlu    Rusiya silahı    aşkarlayıb
  19 Noyabr 2024    Oxunub:573
İsrail ordusu Livanın cənubuna doğru irəlilədikcə tank əleyhinə “Kornet” raketləri də daxil olmaqla “böyük həcmdə Rusiya silahları ehtiyatları” tapır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, son illərdə Suriyanın əlində olan ehtiyatlardan Livana bəzi silahlar göndərilib. Rusiya isə uzun müddətdir ki, Suriya hərbçilərini silahla təmin edir, həmçinin bu ölkədə öz hərbi anbarlarına malikdir.

“İsrail hakimiyyəti “Hizbullah”ın bir sıra rus silahlarına malik olduğunu bilirdi, lakin onların Sovet dövründə yaradıldığı düşünülürdü. Bununla belə, İsrailin indi tapdığı silahlar hərbi analitiklərin gözlədiyindən daha yeni, daha mürəkkəb və daha çox miqdardadır. Onların fikrincə, bu, “Hizbullah”ın müqavimət göstərmək qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir”, - qəzet yazır.

Suriya təhlükəsizlik xidmətinin adı açıqlanmayan əməkdaşları “WSJ”-yə bildiriblər ki, “Hizbullah” üzvləri təxminən 2015-ci ildən bəri prezident Bəşər Əsədin tərəfində birlikdə döyüşürlər. Bu məqam “Hizbullah”ın Suriyadakı Rusiya silah anbarlarından istifadəsini asanlaşdırıb.

“WSJ”-nin müxbiri İsrailin Milli Sursatların Araşdırılması laboratoriyasına ekskursiya zamanı tapılan Rusiya silahlarından bəziləri ilə tanış olub. Livanın cənubunda ələ keçirilən materiallar ekspertiza üçün ora çatdırılır. İddialara görə, “Kornet”lərdən başqa, tank əleyhinə raket sistemləri olan “Metis”, “Konkurs”, “Fagot” və “Saggers ( Malyutka)” aşkar edilib.

Adı çəkilməyən bir israilli mayor İsrailin hərbi əməliyyatının ilk günlərində ələ keçirilən silahların təxminən 60-70%-nin Rusiya istehsalı olduğunu bildirib. Livanın cənubunda tapılan raketlərdən birində silahın Suriya Müdafiə nazirliyinə göndərildiyinə dair rus dilində etiketin olduğu iddia edilir.

İsrail laboratoriyası bildirib ki, bəzi silahlar 2020-ci ildə istehsal edilib, lakin Saggers sistemlərindəki etiketlər onların 1980-ci illərdə istehsal olunduğunu göstərir.
Rusiya hökuməti və Suriyanın Xarici İşlər nazirliyi “WSJ”-nin sorğularına cavab verməyib. İsrailin baş nazirinin ofisi isə məlumatla bağlı şərh verməkdən imtina edib.

Reuters: "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb"
Qeyd edək ki, sentyabrın sonundan etibarən İsrail ordusu Livanda “Hizbullah” infrastrukturunu məhv etmək üçün əməliyyat keçirir. Ölkənin cənubunda quru əməliyyatı oktyabrda başlayıb. Ötən həftə ABŞ Livana atəşkəsə nail olmaq planını çatdırıb. Livan hakimiyyəti və “Hizbullah” bəzi qeyd-şərtlərlə təşəbbüsü təsdiqləyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   "Hizbullah"   Rusiya   silah  





Xəbər lenti