COP29 I Turizmlə bağlı Nazirlərin Birinci Görüşü işinə başlayıb

 COP29 I  Turizmlə bağlı Nazirlərin Birinci Görüşü işinə başlayıb
  20 Noyabr 2024    Oxunub:645
COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü”ndə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” keçirilir.
Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” turizmin milli iqlim strategiyalarına daha səmərəli inteqrasiya edilməsi prosesinə dəstək verməyi hədəfləyir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyindən təsirlənərək, həm də iqlim dəyişikliyinə töhfə verən bir sahə kimi qlobal iqlim dəyişikliyi ilə mübarizdə xüsusi rola malik olduğunu bildirib. O, görüşdə təqdim ediləcək “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin turizmin milli və qlobal iqlim strategiyalarına, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə inteqrasiyası üçün yol xəritəsi olduğunu bildirərək, dövlətləri və maraqlı tərəfləri bəyannaməyə qoşulmağa çağırıb.

F.Nağıyev Azərbaycanın milli səviyyədə turizm sahəsində dayanıqlı təcrübələrin tətbiqində maraqlı olduğunu, dayanıqlı bir dünya üçün qlobal turizm sənayesinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

COP29-un Prezidenti Muxtar Babayev çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tarixində ilk dəfə keçirilən tarixi tematik “Turizm Günü”nün turizmin qlobal iqlim gündəliyinə inteqrasiyası, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib. “Turizm iqlim fəaliyyətində əhəmiyyətli rol oynamaq potensialına malikdir. Dayanıqlı təcrübələrin tətbiqi və innovativ texnologiyalardan istifadə etməklə turizm dayanıqlılıq, adaptasiya və mitiqasiya üçün bir modelə çevrilə bilər”, - deyə o əlavə edib.

BMT Turizm Təşkilatının Baş Katibi Zurab Pololikaşvili qeyd edib ki, turizm ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Fəaliyyət Proqramına daxil edilib və bu, sektor üçün əsas dönüş nöqtəsidir. Turizmin təkcə isiqtisadiyyatın bir parçası olmadığını, eyni zamanda bir sıra icmalar və xalqlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Zurab Pololikaşvili bu sektorun qlobal ümumdaxili məhsulun 3.4%-nə töhfə verdiyini diqqətə çatdırıb. "Bununla belə, biz iqlim böhranı ilə üzləşərkən, turizm də həll yolu olmalıdır. Bakı Bəyannaməsi və Qlazqo Bəyannaməsi kimi təşəbbüsləri qəbul etməklə biz azkarbonlu və dayanıqlı gələcəyə gedən yolları formalaşdırırıq", - deyə o vurğulayıb.

Tədbirdə turizm sahəsində iqlim fəaliyyətinin təkmilləşdirilməsi üzrə COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə qlobal təşəbbüs kimi daxil edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilir.

Təşəbbüsün əsas məqsədləri turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə turizmin milli iqlim strategiyaları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsində rolunun artırılması ilə siyasi yanaşmanın təkmilləşdirilməsini, milli turizm qurumları və təşkilatlarının iqlim fəaliyyətinə daha aktiv formada cəlb olunması ilə iqlim fəaliyyətinin təşviqini, turizmin ətraf mühitə təsirinin dəqiq ölçmə metodlarının tətbiqi ilə həyata keçirilməsi və bununla da elmi əsaslı ölçmələrin aparılmasını, turizmdə səmərəli iqlim təşəbbüsləri üçün qlobal əlaqələndirmə mexanizmlərinin təmin edilməsi ilə tərəfdaşlıqların genişləndirilməsini təmin etməkdir.

Tədbirin yekunu kimi hazırda 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunacaq. Bakıda qəbul edilən “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” “Turizmdə İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsi”ndən əldə olunan uğurlara söykənərək turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir.

Bundan əlavə, “Turizm Günü” çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ Həllər və İrəliyə doğru” mövzularında üç yüksək səviyyəli dəyirmi masa təşkil ediləcək və müxtəlif tematik təqdimatlar keçiriləcək.

AzVision.az

Qalereya




Teqlər: COP29  





Xəbər lenti