“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb
  20 Noyabr 2024    Oxunub:648
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb.
AzVision.az -ın xəbərinə görə, bəyanatda qeyd olunub ki, birlik 15 noyabr 2024-cü il tarixində BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin qəbul edilməsini alqışlayır, sənədin əsas müəllifi olan Azərbaycan dövlətinə və onu dəstəkləmiş digər ölkələrə öz təşəkkürünü bildirir.

“Azərbaycanın irəli sürdüyü bu beynəlxalq təşəbbüs, eləcə də son illərdə ölkəmizdə itkin düşmüş şəxslər probleminə dair keçirilmiş beynəlxalq tədbirlər bu problemi beynəlxalq gündəlikdə saxlamaqla onun öz həllini tapması ilə bağlı ümidlərimizi artırır.

Qətnamədə insanların itkin düşməsinin onların ailələrinin ağır əzablarına və bir çox insan haqları pozuntularına səbəb olmasının vurğulanması bizim üçün çox önəmlidir. İllərlə davam edən bu problem itkinlərin ailələrinin gözünü yolda qoymaqla yanaşı, bizim ailə birliyimizin və doğmalarımızın aqibətini bilmək hüququmuzun pozulmasına səbəb olur.

Qətnamə dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, itkin düşmə səbəblərini düzgün şəkildə araşdırmaq və itkinlərin taleyini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırmaqla yanaşı, itkin ailələrinə dəstək verilməsi və onlarla əməkdaşlıq edilməsi kimi vacib məqamlara toxunur.

Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın, İkinci Qarabağ müharibəsində isə 6 soydaşımız itkin düşmüşdür, onlar arasında uşaqlar və qadınlar da vardır. Birinci Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə Ermənistan tərəfindən bu illər ərzində bizə heç bir məlumat verilməmişdir. Bu hal azərbaycanlı itkinlərin ailələrinin böyük bir insanlıq faciəsi ilə üzləşməsinin göstəricisidir.
Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi Azərbaycan hökumətinə bu ərazilərdə itkin düşmüş şəxslərin axtarışını, insan qalıqlarının aşkar edilməsini və identifikasiyasını həyata keçirməyə imkan yaratmışdır. Görülən işlər illərlə gözümüzü yolda qoyan xəbərsizliyin bitməsi üçün böyük ümidlər yaratsa da, Ermənistanın ehtimal olunan kütləvi məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə ötən müddət ərzində cəmi 22 kütləvi məzarlığın aşkarlanmasının mümkün olması bizi hədsiz dərəcədə məyus etmiş, əzizlərimizin insanlığa sığmayan rəftara məruz qalaraq öldürülməsi və nəşlərinin kütləvi məzarlarda illərlə gizlədilməsi faktı üzləşdiyimiz haqsızlığın nə qədər böyük olduğunu bir daha sübut etmişdir.
Biz itkin-şəhidlərimizin qalıqlarının axtarılması, identifikasiyası və ailələrinə təhvil verilərək, şəhid adına layiq şəkildə dəfn mərasimlərinin təşkilinə görə dövlətimizə minnətdarıq. Artıq bir sıra itkin ailələri otuz ilə yaxın davam edən həsrətə son verərək, xəbəsizlikdən doğan faciələrini öz əzizlərinin məzar daşına sahib olmaq təsəllisi ilə əvəz edə bildikləri üçün bir az da olsa rahatlıq tapa bilmişlər. Lakin bu təsəllini gözləyən minlərlə itkin ailəsinin gözü hələ də yoldadır.

BMT tərəfindən qəbul edilmiş sənəddə, həmçinin mina probleminin itkinlərin taleyinin aydınlaşdırılmasına törətdiyi əngəllərlə bağlı narahatlığın ifadə edilməsi və dövlətlərin insan qalıqlarının təhlükəsiz şəkildə axtarışı üçün əməkdaşlıq etməyə çağırılması bizim üçün önəmlidir. Biz öz təcrübəmizdən bilirik ki, azərbaycanlı köçkünlər torpaqlarımızın artıq dörd ildən çox müddətdir ki, azad olmasına baxmayaraq, mina təhlükəsi səbəbindən, hələ də torpaq həsrəti çəkir. Bu amansız tələ dörd il ərzində dörd yüzə yaxın soydaşımızın ölümünə və yaralanmasına səbəb olmaqla yanaşı, bu ərazilərdə görülən bütün işlərə, o cümlədən itkinlərin qalıqlarının axtarışına mane olur.

Biz “Qarabağ İtkin Ailələri” İctimai Birliyi bir daha Ermənistan tərəfini itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq öhdəliklərini, eləcə də BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin tələblərini yerinə yetirməyə çağırır, hüquqlarımızın 30 ildən çox davam edən pozuntusuna son verməyi, kütləvi məzarlıqların yerləri barədə məlumat verməyi və bu cinayətləri törədənləri cəzalandırmağı tələb edirik. Hər bir itkin ailəsinin öz doğmasının aqibətini bilmək hüququ vardır!” – bəyanatda vurğulanb.

AzVision.az



Teqlər:





Xəbər lenti