İsrailin təhlükəsizlik nazirini öldürməyə çalışanlar saxlanılıblar

   İsrailin təhlükəsizlik nazirini öldürməyə çalışanlar saxlanılıblar
  21 Noyabr 2024    Oxunub:294
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sui-qəsdə cəhd göstərən 3 fələstinli yaxalanıb.
Bu barədə İsrail polisi və ölkənin daxili təhlükəsizlik xidməti "Şin-Bet" birgə bəyanat yayıb. Vurğulanır ki, şübhəli şəxslərin Fələstinin HƏMAS və Livanın "Hizbullah" terror təşkilatları ilə əlaqələri aşkarlanıb.

"Hebron şəhərindən "İsmayıl İbrahim Əvəzi" adlı şəxsin rəhbərliyindəki qrup bir sıra planlaşdırılmış hücumu həyata keçirməyə çalışıb. Bu məqsədlə silah və yardım almaq üçün 2024-cü ilin iyulunda adıçəkilən təşkilatlarla əlaqə saxlayıb", - bəyanatda bildirilir.

Məlumata görə, qrup üzvləri Kiryat-Arba qəsəbəsində yaşayan Ben-Qvirlə oğullarını mütəmadi izləməyə alaraq, barələrində kəşfiyyat toplayıblar. Nazir terror hücumu baş vermiş əraziyə baş çəkərkən onu orada öldürmək üçün plan hazırlayıblar.

Hərbi məhkəmə üç şübhəli şəxsə qarşı ağır ittihamlar irəli sürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   nazir   sui-qəsd  





Xəbər lenti