ABŞ milyarder Adanini möhtəkirlikdə günahlandırır

   ABŞ milyarder Adanini    möhtəkirlikdə    günahlandırır
  21 Noyabr 2024    Oxunub:656
Dünyanın ən zəngin adamlarından biri olan milyarder Qautam Adani və tərəfdaşları günəş enerjisi ilə bağlı müqavilələr qazanmaq üçün Hindistan rəsmilərinə rüşvət verməkdə ittiham olunurlar. Eyni zamanda, Adani kapital cəlb etmək üçün rüşvət verdiyi barədə amerikalı investorlara yalan danışıb.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyi Amerika prokurorluğunun məlumatına istinadən Hindistanın “Adani Group” konqlomeratının rəhbəri Qautam Adaninin ABŞ-da günəş enerjisinin tədarükü müqavilələri müqabilində Hindistan məmurlarına yüz milyonlarla dollar dəyərində rüşvət ödəmək üçün çoxillik sxem yaratmaqda ittiham olunduğunu yazıb.

Nəzarət qurumunun iddiasına görə, Adani, digər iki bərpa olunan enerji şirkətinin rəhbəri ilə birlikdə, 2 milyard dollar mənfəət gətirəcəyi gözlənilən günəş enerjisi müqavilələrini təmin etmək üçün 2020-2024-cü illərdə Hindistan rəsmilərinə 250 milyon dollardan çox rüşvət vermək barədə razılığa gəlib.

ABŞ prokurorluğu digər Hindistan şirkətinin adını çəkməsə də, onun da “yanlış və çaşdırıcı bəyanatlar” əsasında həmin dövr ərzində 3 milyard dollardan çox kredit və istiqraz topladığını bildirib.

“İttiham Qautam Adani və onunh bacısı oğlu Saqar Adani də daxil olmaqla, daha 7 iş adamına qarşı irəli sürülüb. ABŞ-nin Nyu-York dairəsinin Şərq bölgəsi üzrə prokuroru Breon Pis bildirib ki, müttəhimlər ABŞ və beynəlxalq investorlardan kapital toplamaq məqsədilə Hindistan rəsmilərinə rüşvət vermək sxemi haqqında yalan söyləyiblər”, - “Financial Times” qəzeti yazır.

ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) verdiyi parallel iddiada rüşvət sxemi “Adani Green” və “Azure Power” şirkətlərinin xeyrinə Hindistan hökumətinin enerjini bazar qiymətlərindən yüksək qiymətlərlə almaq öhdəliyini təmin etmək üçün hazırlandığı vurğulanır. Tənzimləyici qurumun məlumatına görə, “Adani Green” şirkəti sxemin fəaliytət göstərdiyi müddətdə ABŞ investorlarından 175 milyon dollar toplayıb, “Azure Power” isə həmin vaxt Nyu-York Fond Birjasında ticarət edib.

“Qautam və Saqar Adanilər təklif prosesi vasitəsi ilə ABŞ investorlarını “Adani Green” istiqrazlarını almağa təşviq ediblər ki, bu da onun təkcə anti-rüşvət proqramına malik olduğunu deyil, həm də şirkətin yüksək rəhbərliyinin heç vaxt rüşvət vermədiyi və verməyəcəyi barədə iddialarını təhrif edib”, - SEC-in icraçı direktoru Sancay Vadhva bildirib.


“Hindu” qəzeti yazır ki, Nyu-York rayon məhkəməsində sahibləri rüşvətxorluq və qiymətli kağızlar fırıldaqçılığında ittiham olunan Hindistanın “Adani Green Energy” şirkəti 600 milyon dollarlıq istiqraz yerləşdirmə təklifini artıq geri götürüb.

Qeyd edək ki, Qautam Adani 2022 və 2024-cü illərdə Mukesh Ambani “Reliance Industries Limited” konqlomeratının sahibi Mukeş Ambanini də arxada qoyaraq Hindistanın ən varlı adamı olub. Onun sərvəti 2020-ci ildəki 9 milyard dollardan 2022-ci ildə 90 milyard dollara yüksəlib. 2022-ci ilin sentyabrında Adaninin xalis sərvəti 146 milyard dollara çatdıqda, o, qısa müddət ərzində “Bloomberg” agentliyinin dünyanın ən zəngin adamları siyahısında “SpaceX” və “Tesla” şirkətlərinin sahibi Elon Muskdan sonra ikinci yeri tutub.

Hazırda Adani 85,5 milyard dollarlıq sərvətlə “Bloomberg”in siyahısında 18-ci yerdədir, ondan bir pillə yuxarıda 94,3 milyard dollarlıq varidatla Ambani qərarlaşıb. Amma “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında 56,7 milyard dollarlıq sərvətə malik olduğu bildiirlən Adani 25-ci yeri tutur.

Onun sərvətinin azalması 2023-cü ilin yanvarında ABŞ-nin “Hindenburg Research” araşdırma şirkəti “Adani Qroup”u qiymətli kağızlar fırıldaqçılığı və mühasibat fırıldaqlarında ittiham etdikdən sonra başladı. Onda cəmi bir ay ərzində Qautam Adani 80 milyard dollardan çox vəsait itirdi. Araşdırmanın açıqlanmasından sonra “Adani Qroup”a daxil olan şirkətlərin ümumi kapitallaşması 153 milyard dollar azalıb.

İddiaları məqsədyönlü şəkildə yayımlanan dezinformasiya adlandıran milyarder Hindistanın Ali Məhkəməsinin ekspert komissiyası tərəfindən heç bir qanun pozuntusunun aşkarlanmadığını iddia edib. Maraqlıdır ki, 2024-cü ilin əvvəlində Qautam Adani qısa müddət ərzində yenidən Hindistanın ən varlı adamı olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Adani   möhtəkirlik  





Xəbər lenti