İrandan MAQATE-yə cavab: Yeni sentrifuqalar işə salınır

 İrandan MAQATE-yə cavab:  Yeni sentrifuqalar işə salınır
  22 Noyabr 2024    Oxunub:985
İranın Atom Enerjisi Təşkilatı (AEOI) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının noyabrın 21-də qəbul etdiyi anti-İran qətnaməsinə cavab tədbiri görəcək.
Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyi və AEOI-nin birgə bəyanatında məlumat verilib. Qeyd edilib ki, cavab olaraq əhəmiyyətli sayda yeni uranın zənginləşdirilməsi sentrifuqaları istismara verəcək.

İrana qarşı sanksiyalar genişləndirilir
"İranın müvafiq orqanları əvvəllər müxtəlif səviyyələrdə xəbərdarlıq etmişdilər ki, qarşıdurmaya yönəlmiş istənilən tədbir və MAQATE Rəhbərlər Şurasından qanunsuz, siyasi motivli bəyanatları təbliğ etmək üçün istifadə edilməsinə cavab tədbirləri görüləcək. Bununla əlaqədar AEOI rəhbəri müvafiq tədbirlərin görülməsini, o cümlədən xeyli sayda müxtəlif tipli yeni qabaqcıl sentrifuqaların istifadəyə verilməsini tapşırıb", - bəyanatda yazılıb.

Bildirilir ki, bundan sonrakı bütün cavab tədbirləri yalnız milli maraqların müdafiəsi və dinc nüvə sənayesinin gələcək inkişafı üçün görüləcək: "Tədbirlər ölkənin artan ehtiyaclarına uyğun olaraq Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə nəzərdə tutulmuş hüquq və öhdəliklər çərçivəsində həyata keçiriləcək".

SNN telekanalı isə məlumat yayıb ki, İran MAQATE-nin qətnaməsinə cavab olaraq uran izotoplarını ayırmaq üçün nüvə obyektlərində üç yeni nəsil qaz sentrifuqaları quraşdırmağa başlayıb. "Bu, ona zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək", -SNN qeyd edib.

Xatırladaq ki, noyabrın 21-də MAQATE-nin Rəhbərlər Şurası İranın bu təşkilatla qeyri-kafi əməkdaşlığına görə Tehranı tənqid edən qətnamə qəbul edib. Sənədə əsasən, MAQATE 2025-ci ilin yazına qədər İranın nüvə proqramı ilə bağlı ətraflı hesabat hazırlamalıdır. Qətnamənin lehinə 19 səs verilib. 3 ölkə sənədin əleyhinə çıxıb, 12 ölkə isə bitərəf qalıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran  





Xəbər lenti