Britaniya bu şərtlə Rusiya ilə döyüşməyə hazırdır

   Britaniya bu şərtlə Rusiya ilə döyüşməyə hazırdır
  22 Noyabr 2024    Oxunub:667
Rusiya Şərqi Avropa ölkələrindən hər hansı birinə hərbi müdaxilə edərsə, Britaniya ordusu onları qorumaq üçün hətta elə “bu gecə” hərbi əməliyyatlar keçirməyə hazırdır.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Qərargahı rəisinin müavini, general-leytenant Rob Maqovan belə ötkəm bəyanat səsləndirib.

“Əgər Britaniya ordusundan bu gecə döyüşməyi xahiş etsələr, o, elə bu gecə də döyüşərdi. Düşünmürəm ki, bu zaldakılardan heç kim, ruslar bu gecə Şərqi Avropaya soxulsaydılar, bu döyüşdə onlarla toqquşmayacağımız barədə xülyalara qapılmamalıdır”, - Rob Maqovan parlamentarilərin Rusiya tərəfindən ciddi eskalasiya olacağı təqdirdə Böyük Britaniyanın NATO-nun şərq cinahına ötürə biləcəyi briqadaların sayı ilə bağlı sualına cavab verib.

Qeyd edək ki, Rob Maqovan 2022-ci ilin mayında Britaniya Müdafiə Qərargahı rəisinin müavini təyin edilib. Generalın səlahiyyətlərinə müdafiənin bütün sahələrində strateji inkişaf daxildir. O, həmçinin strateji avadanlıq proqramlarının həyata keçirilməsinə cavabdehdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britania   Rusiya   döyüş  





Xəbər lenti