Keçmiş prezidentə ittiham elan olundu

   Keçmiş prezidentə ittiham elan olundu
  22 Noyabr 2024    Oxunub:700
Braziliyanın sabiq prezidenti Jair Bolsonaru 2022-ci ildə seçilmiş dövlət başçısı Luis İnasiu Lulu da Silvaya sui-qəsd planları barədə “tam məlumatlı olmaqda” ittiham edilir.
AzVision.az xəbər verir ki, Braziliya polisinə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.

“Hüquq-mühafizə orqanları 2023-cü ilin “8 yanvar terror hücumlarında iştirak”, 2022-ci il prezident seçkiləri zamanı dövlət çevrilişi planları və da Silva, vitse-prezident seçilmiş Geraldo Alkmin, habelə Ali Məhkəmənin hakimi Aleksandr de Moraesin öldürülməsinə hazırlıqları” işlərini araşdırırdı”, - xəbərdə bildirilir.

Polisin məlumatına görə, bir qrup hərbçi 2022-ci il dekabrın 15-də Lulu da Silva və Alkmini öldürməyi planlaşdırıb. Moraes isə nəzarət altında olub. Təqsirləndirilən şəxslər “İnstitusional Anti-Böhran İdarəsi” yaratmaqla cinayətlərin nəticələrini gizlətməyi planlaşdırıblar.

“Bolsonaru plandan tam xəbərdar idi. O, 2022-ci ilin dekabrında Ordunun və Hərbi Dəniz Qüvvələrinin təmsilçiləri ilə görüşərək onlara, qanuni şəkildə hakimiyyətdə qalmasına imkan verəcək plan təqdim edib”, - polis departamentinin açıqlamasında deyilir.

Sözügedən iş üzrə bu həftənin əvvəlində Bolsonarunun keçmiş müşaviri də daxil olmaqla, beş nəfər istintaq çərçivəsində saxlanılıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Jair Bolsonarunun president seçkilərində məğlubiyyəti ilə razılaşmayan tərəfdarları paytaxt Braziliyada etiraz aksiyaları və iğtişaşlar təşkil edərək, hökumət binalarını ələ keçirməyə cəhd göstəriblər. Etirazlar təhlükəsizlik qüvvələri tərəfindən yatırılıb. Bolsonaru isə çevriliş cəhdi ilə bağlı ittihamları rədd edib və etirazçıları qınayıb. 2023-cü ilin martında ölkəyə qayıtmazdan əvvəl o, müxalifətə rəhbərlik etməyəcəyinə söz verib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Braziliya   Bolsonaru   ittiham  





Xəbər lenti