Vaşinqton Haaqa Məhkəməsinin qərarından narazıdır

 Vaşinqton Haaqa Məhkəməsinin qərarından  narazıdır
  22 Noyabr 2024    Oxunub:813
Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin keçmiş Müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi barədə qərarını tənqid edib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Milli Təhlükəsizlik Şurasının təmsilçisinə istinad edən “The Times of Israel” nəşri belə məlumat yayıb.

“ABŞ ICC-nin İsrailin HƏMAS-la müharibəsi zamanı törətdiyi hərbi cinayətlərə görə, Netanyahu və Qalantın həbsinə order vermək qərarını “prinsip etibarı ilə” rədd edir. Biz prokurorun həbs qərarı verməyə tələsməsindən və bu qərara səbəb olan narahatedici prosessual səhvlərdən çox narahatıq. Birləşmiş Ştatlar hesab edir ki, İsrail məhkəmənin üzvü olmadığı üçün ICC bu iş üzrə yurisdiksiyaya malik deyil. ABŞ-nin də Roma Statutunun tərəfi statusu yoxdur”, - qəzetin həmsöhbəti deyib.

Yeri gəlmişkən, ICC-nin qərarı artıq “axsaq ördəyə” çevrilmiş ABŞ prezidenti Co Baydeni də qəzəbləndirib.

“ICC-nin İsrail liderlərinin həbsinə orderlər verməsi hiddət doğurur. İcazə verin bir daha aydınlaşdırım: ICC nəyi nəzərdə tutsa da, İsraillə Həmas arasında heç bir bərabərlik yoxdur. Biz həmişə İsrailin təhlükəsizliyinə təhdidlərə qarşı onun yanında olacağıq”, - Ağ Evin mətbuat xidmətinin dərc etdiyi bəyanatda deyilir.

Maraqlıdır ki, ABŞ-nin strateji müttəfiqi olan Böyük Britaniya hökumətinin nümayəndəsi Birləşmiş Krallıq ICC-nin müstəqilliyinə hörmətlə yanaşdığını bəyan edib.

Borel Netanyahu və Qalantla bağlı həbs qərarını dəstəkləyib
Həmçinin, son vaxtlar bütün proseslərə yerli-yersiz müdaxilə etmək və bəyanatlar vermək mərəzinə tutulmuş Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel də ICC-nin bu qərarını dəstəklədiyini açıqlayıb.
Xatırladaq ki, dünən Beynəlxalq Cinayət Məhkəməsi “ən azı 8 oktyabr 2023-cü il tarixindən 20 may 2024-cü il tarixinə qədər törədilmiş insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” üçün Netanyahu və Qalantın həbsi barədə verdikt çıxarıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   ICC   narazılıq  





Xəbər lenti