Tramp öz vəkilini ABŞ-nin baş prokuroru vəzifəsində görmək istəyir

   Tramp öz vəkilini ABŞ-nin baş prokuroru vəzifəsində görmək istəyir
  22 Noyabr 2024    Oxunub:741
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatının keçmiş prokuroru Pem Bondini ABŞ Ədliyyə Departamentinə də rəhbərlik edən baş prokuror vəzifəsinə namizədliyini irəli sürüb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 2020-ci ildə xanım Bondi impiçmentlə bağlı məhkəmələr prosesində Donald Trampın vəkillərindən biri kimi fəaliyyət göstərib.

“Çox uzun müddətdir ki, qərəzli Ədliyyə nazirliyi mənə və digər respublikaçılara qarşı silah kimi istifadə olunur. Amma bu daha baş verməyəcək. Pemin rəhbərliyi altında departament bir daha öz birbaşa vəzifələrinə - cinayətlə mübarizəyə və Amerikanı yenidən təhlükəsiz vəziyyətə gətirməyə diqqət yetirəcək. Mən Pemi illərdir tanıyıram. O, ağıllıdır, sərtdir və Baş Prokuror vəzifəsinin öhdəsindəm əla iş gələcək”, - Tramp öz namizədi barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

59 yaşlı Pem Bondi hazırda Donald Trampın dəstəklədiyi “Hər şeydən əvvəl Amerikadı” Siyasət İnstitutunun hüquq bölməsinə rəhbərlik edir.

Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövründə ona qarşı ilk impiçment məhkəməsi zamanı o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunsa da, son nəticədə mühakimə edilmədi. Siyasətçi Amerikanın Ukraynaya hərbi yardımını Kiyevin ABŞ-nin o vaxtkı vitse-prezidenti Co Baydenlə bağlı araşdırmasından asılı etməyə çalışıb.

Pem Bondi həmçinin may ayında 34 bəndlik mühakimə ilə sona çatan Nyu-Yorkda Donald Trampın çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesində ona dəstək verən bir qrup respublikaçı arasında olub.

Qeyd edək ki, ABŞ-nin baş prokuroru vəzifəsinə Trampın əvvəlcə namziədliyini irəli sürdüyü konqresmen Mett Gets, yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüz iddiaları fonunda respublikaçı senatorların müqaviməti ilə üzləşdiyi üçün dünən bu təklifdən imtina edib.

Məhz onun bu qərarından təxminən 6 saat sonra Pem Bondinin namizədliyi elan olunub. Yeri gəlmişkən, noyabrın 17-də Donald Trampın oğlu “Fox Business” nəşrinə bildirib ki, keçid qrupunda mübahisəli namizədlər Senat tərəfindən təsdiqlənməsə, onların ehtiyat variantları var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Bondi   prokuror  





Xəbər lenti