Müdafiə Nazirliyində müşavirə keçirilib
Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar və onların müsbət nəticələri müşavirədə diqqətə çatdırılıb. Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik və bacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsi istiqamətində görülən işlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib. Müşavirədə Azərbaycan Ordusunda hərbi intizam qaydalarına ciddi riayət edildiyi, mövcud intizam göstəricilərinin yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Ordusunda şəxsi heyətin gündəlik məişət şəraitinin, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin, komandir və rəis heyətinin tabelikdə olanlara qarşı diqqət və qayğısının, həmçinin nizamnamə tələblərinə uyğun hərbi nəzakət qaydalarının real vəziyyətini öyrənmək məqsədi ilə mütəmadi yoxlamalar keçirilib və aşkar olunan neqativ hallara qarşı ciddi tədbirlər görülüb.
Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib. Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib. Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı müraciəti və digər çıxışlarından irəli gələn tapşırıqlara toxunan müdafiə naziri Ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanması üçün dövlət başçısı tərəfindən bütün imkanların yaradıldığını qeyd edib. Müdafiə naziri bildirib ki, Ali Baş Komandanın Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını bir daha qeyd etməsi şəxsi heyəti daha da ruhlandırır və istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır.
General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Sonda müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Azərbaycan-Ordusu