Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəlinin ziyarəti ilə başlayan mediaturlar zamanı qonaqlara ölkəmizdə mətbuatın zəngin və dərin köklərə malik olduğu bildirilib. Dünyanın müxtəlif ölkələrindən COP29 tədbirinə gəlmiş jurnalistlər Bakının rəmzi sayılan Qız qalası, eləcə də, Şirvanşahlar sarayı, Sıratağlı Dini-Memarlıq Kompleksi, Bakı Xanlarının Saray Kompleksi, Yeraltı hamam kimi İçərişəhərin nadir tarixi memarlıq abidələri ilə yaxından tanış olublar. Qonaqlara, həmçinin bərpa işləri, tarixi-memarlıq abidələrinin qorunması və turizm məqsədilə istifadəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Daha sonra mediaturların iştirakçıları “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin sərgi salonunda nümayiş olunan miniatür, təzhib, sədəfkəsmə, batika, zərgərlik və digər qədim sənətkarlıq nümunələri ilə tanış olub, Azərbaycan milli incəsənətinin incəlikləri barədə məlumat alıblar.
Bu təşəbbüslər Azərbaycanın mədəni irsinin dünya miqyasında daha geniş tanınmasına, həmçinin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki səylərinin beynəlxalq aləmə təqdim edilməsinə xidmət edir.
AzVision.az