Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir

   Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
  02 Dekabr 2024    Oxunub:341
Dekabr 2-də Şuşa şəhərində İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasiminin salamlama tədbiri keçirilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov qonaqları salamlayıb.

Mədəniyyət Nazirliyinin rəsmisi Ülviyyə Zeynalova çıxışında "Gənclər Paytaxtı" bağlanış mərasimi çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib.

Qeyd edək ki, İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri 1-6 dekabr tarixlərini əhatə edəcək. Tədbirlərdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndələri, gənclər və könüllülər iştirak edir. Həmçinin, tədbir çərçivəsində Şuşa şəhərində "Şuşa Beynəlxalq Gənclər Festivalı", "Şuşa yaradıcılıq emalatxanası", "İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival- Müsabiqəsi", "Yaradıcılıq marafonu", "Oyun texnologiyaları mövzusunda sammit-G-Hub", "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu", "İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu" təşkil olunacaq.

Ü. Zeynalova bildirib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yaradıcılıq marafonu" İƏT ölkələrindən olan istedadlı və yaradıcı gəncləri birləşdirən platformadır.

O qeyd edib ki, iştirakçı gənclər 4 yaradıcı istiqamətdə (animasiya, film, moda və dizayn) innovativ və kreativ məhsullar hazırlayacaqlar. Qeyd edək ki, hazırda başlayan marafon 24 saat davam edəcək.

Dekabrın 3-də komandaların hazırladıqları məhsullar təqdim ediləcək və münsiflər fərqlənən komandanı müəyyən edəcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyev 17 aprel 2024-cü il tarixində "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti