Nazirlikdən bildirilib ki, görüşdə nazir Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyədə inkişafına şərait yaratdığını bildirib. Adil Kərimli vurğulayıb ki, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Onun sözlərinə görə, tarixi abidələrin bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar, o cümlədən kino və audiovizual sənət və digər sahələrdə əməkdaşlıq üçün iki ölkənin potensialından istifadə olunaraq əhəmiyyətli nəticələr əldə etmək mümkündür.
TİKA başqanı Serkan Kayalar rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla mövcud əlaqələri barədə məlumat verib. S.Kayalar TİKA-nın qeyd edilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az