'TikTok' ABŞ və Avropada qadağan edilə bilər - Açıqlama

  15 Dekabr 2024    Oxunub:379
"ABŞ və Avropa İttifaqının "TikTok" platformasıyla mübarizəsi 2025-ci ildə də davam edəcək".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, ABŞ-da 2025-ci ilin əvvəlindən "TikTok"un qadağan edilməsi və ya platformanın satılması ilə bağlı qanunvericilik müzakirələri davam edir.

BBC-nin məlumatına görə, "TikTok" rəhbərliyi, sosial şəbəkənin federal apellyasiya məhkəməsindəki müraciətinin Konstitusiyaya zidd olduğu qərarı ilə razılaşmırdı. Şirkət, bu qərarın 170 milyon amerikalı istifadəçisinin söz azadlığına təsir göstərəcəyini qeyd edirdi. Lakin məhkəmə fərqli bir qərar qəbul edib.

"TikTok" rəhbərliyi, bundan sonra mübarizəni ölkənin ən yüksək hüquqi orqanı olan ABŞ Ali Məhkəməsinə daşımağı planlaşdırır. ABŞ hakimiyyəti, "TikTok"un sahibinin Çin dövləti ilə əlaqədə olduğunu iddia edərək platformanın ya satışını, ya da qadağan edilməsini istəyir. "TikTok" rəhbərliyi isə bu iddiaları təkzib edir. ABŞ Konqresindəki Çin əleyhinə güclü əhval-ruhiyyə nəzərə alındığında, həm Respublikaçı, həm də Demokrat partiyaları arasında "TikTok"un ABŞ bazarında məhdudlaşdırılması məsələsində ümumi bir mövqe mövcuddur".

Ursula fon der Leyen: "TikTok Avropa İttifaqında bloklana bilər"
Politoloq onu da qeyd edib ki, "Avropa dövlətlərində də 'TikTok'la bağlı narazılıqlar mövcuddur":

"Avropada da "TikTok" platforması ilə bağlı narazılıqlar artır. Brüsseldəki rəsmi şəxslər hesab edirlər ki, Rusiya və Çin bu platformadan istifadə edərək müxtəlif ölkələrdəki seçkilərə təsir göstərirlər. Məsələn, Rumıniyada prezident seçkilərinin birinci turunda gözlənilməz bir nəticə baş verdi. Seçkilərdə, anketlərdə geridə olan bir populist siyasətçi qalib gəldi. Araşdırmalar göstərdi ki, sosial media üzərindən həmin namizədə kənardan dəstək olub. Rumıniya Konstitusiya Məhkəməsi, bu hadisələrdən sonra seçkilərin ilk turunun nəticələrini ləğv etdi.

Brüsseldəki mütəxəssislər "TikTok"u müstəqil bir platforma hesab etmir və bu şəbəkənin xarici təsirlər altında idarə edildiyini düşünürlər. Avropa İttifaqı, "TikTok"un fəaliyyətini məhdudlaşdırmağı və ya tənzimləməyi nəzərdən keçirir. "TikTok"u digər sosial şəbəkələrdən, məsələn, "Facebook" və "Instagram"dan fərqləndirən ən əsas cəhət, bu platformaların rəhbərlərinin ictimaiyyətə açıqlama verməyi və siyasi orqanlarda dinləmələrə qatılmağıdır. Lakin "TikTok"la bağlı eyni yanaşma həyata keçirilməkdə çətinliklər yaranır, çünki bu platformanın rəhbərləri, ABŞ və Avropa məhkəmələrində və ya dövlət qurumlarında dinləmələrə qatılmırlar".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   tiktok  





Xəbər lenti