Ərdoğan: “PKK-ya Suriyada ağalıq etməyə imkan verməyəcəyik”
“Türkiyə İŞİD-ə qarşı vuruşan yeganə NATO ölkəsi olaraq PKK-nın Suriyadakı vəziyyəti fürsətə çevirməsinə və İŞİD-ə qarşı mübarizənin zəifləməsinə heç vaxt imkan verməyəcək”, - Türkiyə prezidenti diqqətə çatdırıb.
Rəcəb Tayyib Ərdoğanın Antoni Blinkenlə görüşdə Türkiyənin PKK/PYD/YPG terrorçu üçlüyünü xatırlatması heç də təsadüfi deyil. Belə ki, Vaşinqtonun Suriyadakı kürd üsyançılarına maliyyə və hərbi yardım göstərməsi heç kimə sirr deyil və Ağ Ev administrasiyası bunu heç gizlətmir də.
Bu baxımdan, “Suriyalı türkmənlərin demokratik hərəkatı” nın lideri, hazırda Suriyanın yeni Konstitusiyasını hazırlayan on nəfərlik qrupun üzvü olan Abdulkərim Ağanın “Əgər PKK-nın arxasında çox nüfuzlu qüvvələr olmasaydı, inanın ki, biz onlarla asanlıqla mübarizə aparardıq. Onu Türkiyəyə qarşı kürdlərdən silah kimi istifadə edən ABŞ, İsrail, Almaniya və Fransa dəstəkləyir” bəyanatı isə bir çox pərdəarxası məqamları faş edir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş Ankaranın Esenboğa hava limanında mətbuata qapalı şəkildə keçirilib.
Görüşdə həmçinin Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Aparatının rəhbəri və səfir Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ərdoğan Blinken xəbərdarlıq