Fransa Suriya ilə əlaqələri bərpa edir
Barro bildirib ki, Suriyaya göndərilən dörd diplomatın əsas vəzifəsi Fransa hökumətinin Suriya üzərindəki təsir gücünü bərpa etməkdir. Onlar həmçinin yeni hakimiyyətlə ilkin əlaqələr qurmaq və ölkədəki humanitar vəziyyəti təhlil edərək, əhalinin təxirəsalınmaz ehtiyaclarını müəyyənləşdirmək məqsədini güdürlər. Bu addım Fransa-Suriya münasibətlərinin yenidən qurulmasına yönəlik ilk ciddi addımlardan biri hesab edilir.
Xatırladaq ki, Suriya müharibəsi başladıqdan sonra Fransa uzun müddət Bəşər Əsəd rejimini sərt şəkildə tənqid edib. Əsədin ölkəni tərk etməsindən sonra Fransa Prezidenti Emmanuel Makron bu hadisəni alqışlayaraq sosial şəbəkədə “Nəhayət, barbar rejim süqut etdi” paylaşımı ilə mövqeyini bəyan etmişdi. Makronun bu ifadəsi Fransa hökumətinin Suriyadakı əvvəlki hakimiyyətə qarşı sərt münasibətini əks etdirirdi.
Fransanın bu addımı yeni siyasi reallıqlarla uyğunlaşmaq üçün bir sıra strateji məqsədləri əhatə edir. Suriyada mövcud yeni şərait fonunda bu təşəbbüs, Parisin Yaxın Şərqdəki mövqeyini yenidən gücləndirmək cəhdi kimi dəyərləndirilir.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: