"Türkiyə PKK-nı məhv edəcək” – Yaşar Gülər Amerikaya səsləndi

  "Türkiyə PKK-nı məhv edəcək”  – Yaşar Gülər Amerikaya səsləndi
  15 Dekabr 2024    Oxunub:751
Türkiyə, Suriyada qərarlaşan Kürdüstan Fəhlə Partiyasını (PKK) məhv etmək niyyətində olduğunu bəyan edib. Bu barədə ABŞ-ni məlumatlandıran Ankara, Vaşinqtondan məsələ ilə bağlı mövqeyini yenidən gözdən keçirməsini istəyib. Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış edib. Gülər bildirib ki, nə Suriya xalqı, nə onun yeni hökuməti, nə də Türkiyə bu təşkilatın fəaliyyətinə icazə verəcək.

"Bizim prioritetimiz PKK-nı məhv etməkdir. Bu barədə amerikalı tərəfdaşlarımıza açıq şəkildə məlumat vermişik və onların mövqelərini yenidən gözdən keçirmələrini gözləyirik", – Yaşar Gülər vurğulayıb.

Türkiyə hökuməti PKK-nı terror təşkilatı olaraq tanıyır və regionda təhlükəsizliyi təmin etmək məqsədilə bu təşkilatla, xüsusilə Suriyanın şimalında fəaliyyət göstərən qanadları ilə mübarizə aparır. ABŞ isə bu təşkilatla mübarizədə müəyyən tərəddüdlərini gizlətmir. Bir müddət əvvəl ABŞ, PKK-nın Suriyada İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizədə yardımçı olduğunu açıqlamışdı.

Türkiyənin bu addımı Suriyanın gələcək siyasi vəziyyətinə və regiondakı güc balansının qorunmasına müsbət təsir göstərəcək bir hərbi addım olaraq qiymətləndirilir. Yaşar Gülərin açıqlaması, həmçinin Türkiyənin regional təhlükəsizlik məsələlərində öz mövqeyini daha sərt müdafiə etdiyini göstərir, hətta ABŞ qarşısında.

Səbinə Həsənova
AzVision.az




Teqlər:





Xəbər lenti