Suriyanın yeni lideri BMT-nin xüsusi nümayəndəsi ilə görüşüb

   Suriyanın yeni lideri BMT-nin xüsusi nümayəndəsi ilə görüşüb
  16 Dekabr 2024    Oxunub:343
Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraanın (Əbu Məhəmməd əl-Culani) dünən BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersenlə görüşü baş tutub.
AzVision.az xəbər verir ki, Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətindəki siyasi departamentin bəyanatına istinad edən “Əl-Cəzirə” telekanlnın yadığı məlumata görə, Əhməd əş-Şaraa ölkənin “birliyinə və bərpasına” diqqət yetirilməsinin, habelə qaçqınların geri qayıtması üçün şəraitin yaradılmasının vacib olduğunu vurğulayıb.

“Tərəflər, xüsusilə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 saylı qətnaməyə yenidən baxılmasının zəruriliyini müzakirə ediblər. Əhməd əl-Şaraa bildirib ki, Suriyada siyasi vəziyyətin dəyişməsi sənədin yeni reallıqlara uyğun yenilənməsini tələb edir”, - məlumatda deyilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi 2015-ci il dekabrın 18-də qəbul edilib. Suriyada atəşkəs və siyasi tənzimləmə tələbi qoyulan bu sənəddə ölkənin siyasi keçidi üçün yol xəritəsi ehtiva olunur. Qətnamədə mülki hədəflərə istənilən hücumun dərhal dayandırılması tələb edilir. O, həmçinin dövlətləri müharibə edən tərəflər arasında barışıq əldə olunması səylərini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, dekabrın 10-da Suriyada sabitliyə nail olacağını və əhalinin bütün lazımi xidmətlərə çıxışını təmin edəcəyini vəd edən keçid hökuməti yaradılıb. Dekabrın 13-də isə Avropa Komissiyası (AK) Suriya əhalisinə təcili tibbi yardım və ləvazimatların çatdırılması proqramının başlandığını elan edib. Humanitar uçuşlar, digər məmulatlrla yanaşı, Avropa İttifaqının (Aİ) Dubaydakı anbarlarından 50 ton tibbi ləvazimatları sərhəddən keçmək üçün Türkiyənin Adana şəhərinə çatdıracaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Colani   Pedersen   görüş  





Xəbər lenti