Saxta spirtli içkilərlə bağlı xəbərdarlıq

   Saxta spirtli içkilərlə bağlı xəbərdarlıq
  19 Dekabr 2024    Oxunub:299
Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları diqqətli olmağa çağırıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Həmin qanunsuz fəaliyyətlərin qarşısının alınması sahəsində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da həmin məsələdə daha diqqətli olması tövsiyə olunur.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu da orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

Agentlik qeyd edir ki, qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.

Vətəndaşlardan həmin qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermək xahiş olunur. Eyni zamanda, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti