Azərbaycan Turizm Bürosu “Trip.com Group”un sammitində mükafatlandırılıb

   Azərbaycan Turizm Bürosu “Trip.com Group”un sammitində mükafatlandırılıb
  19 Dekabr 2024    Oxunub:260
Azərbaycan Turizm Bürosu dekabrın 18-də “Trip.com Group”un BƏƏ-nin Əbu Dabi şəhərində keçirilən Qlobal Tərəfdaşlar Sammitində 60 müxtəlif turizm məkanı arasında “Ən Yaxşı Qlobal Partnyor” və “İlin Əla Partnyoru” mükafatlarına layiq görülüb.
AzVision.az xəbər verir ki, beynəlxalq sammitdə dünya üzrə 2 mindən çox turizm sahəsi mütəxəssisi iştirak edib.

Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş “ Trip.com Group ” Çinin səyahət üzrə ən böyük holdinqidir. “Trip.com Group”, “Ctrip”, “Qunar”, “Trip.com” və “Skyscanner” kimi bir sıra səyahət xidməti markalarına sahibdir və qlobal miqyasda səyahətçilərə xidmət göstərir.



Sentyabr ayında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici istiqamət kimi tanıda biləcək “Trip.com”, “Ctrip”, “Qunar” və digər platformalardan aktiv şəkildə istifadə edilməsi nəzərdə tutulub.



Həmçinin Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabrda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

2024-cü ilin yanvar-noyabr ayları ərzində Çindən Azərbaycana səfər edənlərin sayı 42 374 nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfəyə yaxın artımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti