Suriyada Yeni il ağacının yandırılması etirazlar doğurub - VİDEO

Suriyada Yeni il ağacının yandırılması etirazlar doğurub -    VİDEO
  24 Dekabr 2024    Oxunub:441
Suriyanın Həma şəhəri yaxınlığında Milad bayramı və Yeni ilin gəlişi münasibətilə quraşdırılan şam ağacının yandırılması nəticəsində paytaxt Dəməşqin xristianlar yaşayan ərazilərində etiraz nümayişləri baş tutub.
Yerli mətbuatın məlumatına görə, küçələrə axışan yüzlərlə etirazçı xristian əhalinin hüquqlarının qorunması tələbini irəli sürüb. Onlar şəhərin "Şərq qapısı" adlı səmtindəki pravoslav kilsəsinə doğru yürüş həyata keçiriblər.

Suriya İnsan Haqları Müşahidə Qrupu diqqətə çatdırır ki, sözügedən bayram ağacını yandıranlar "Ənsar Əl-Tövhid" adlı radikal islamçı qruplaşmanın üzvləridir.

Xatırladaq ki, dekabrın 8-də müxalif qüvvələr tərəfindən devrilən prezident Bəşər Əsəd özünü həmişə "etnik və dini azlıqların müdafiəçisi kimi" qələmə verirdi. Aksiya iştirakçıları yeni hökumətin "xristianlara qarşı ədalətsiz davrandığını" vurğulayır.

Digər tərəfdən, Əsəd rejimini devirən "Heyət-Təhrir-əl-Şam" təşkilatının rəhbərlərindən biri xalqa videomüraciətlə bildirib ki, ağacı yandıranlar "Suriya vətəndaşları deyillər".

"Məsuliyyət daşıyanlar mütləq cəzalandırılacaqlar. Ağac sabah səhərədək bərpa olunub yenidən işıqlandırılacaq", - o deyib.


Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   hadisə   şam-ağacı   etiraz  





Xəbər lenti