BMT Təhlükəsizlik Şurası husi hücumlarına dair iclas keçirəcək

   BMT Təhlükəsizlik Şurası husi hücumlarına dair iclas keçirəcək
  25 Dekabr 2024    Oxunub:369
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşmasının İsrailə birbaşa hücumları, eləcə də Qırmızı dəniz və ətraf sularda xüsusilə İsraillə əlaqəli gəmiləri hədəfə alaraq dəniz ticarətinə zərər yetirməsi mövzusunda müzakirə aparmaq üçün növbəti həftə toplanacaq.
İsrailn xarici işlər naziri Gideon Saarın sözlərinə görə, təcili iclasın gələn bazar ertəsi baş tutması gözlənilir. O bu barədə ABŞ BMT-dəki səfiri Linda Tomas-Qrinfildlə danışıqlar aparıb.

Məsələnin BMT səviyyəsində müzakirəyə çıxarılması sözügedən terror qruplaşmasının birbaşa İsrailə qarşı son günlərdə daha da artan raket hücumları fonunda baş verir. Digər tərəfdən, nazir Saar husilərin terrorçu kimi tanınmaları məqsədilə səyləri artırmaq üçün ölkənin Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinə tapşırıq verib.
Husilər Tel-Əvivə zərbə endiriblər - VİDEO

Ötən il oktyabrın 7-də İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında müharibə başlayandan bəri Yəmən husiləri Fələstinə dəstək məqsədilə İsraillə əlaqəli gəmilərə Qırmızı dəniz və ətrafında zərbə endirir, dəniz ticarətinə ciddi ziyan vururlar. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə cari ilin yanvarında regiona qoşun göndərib. Eyni zamanda, ABŞ, Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Kanada, Yeni Zelandiya və İsrail husiləri terrorçu kimi rəsmən tanıyırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   BMT   husilər   terrorizm   müzakirə  





Xəbər lenti