Təyyarə qəzasında həlak olan ekipaj üzvləri dəfn edilib

   Təyyarə qəzasında həlak olan ekipaj üzvləri dəfn edilib
  29 Dekabr 2024    Oxunub:659
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bundan əvvəl ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti