İrəvanda yeni yaranan partiyadan hərbi canilərlə bağlı xəbərdarlıq

   İrəvanda yeni yaranan partiyadan hərbi canilərlə bağlı xəbərdarlıq
  06 Yanvar 2025    Oxunub:679
Xəbər verdiyimiz kimi Ermənistanın hakim “Mülki müqavilə” partiyasından qalmaqallı şəkildə uzaqlaşdırılmış siyasətçi Ovik Aqazaryan partiya yaradıb.
Hazırda müstəqil deputat kimi fəaliyyət göstərən Aqazaryan qurduğu siyasi təşkilatın gələcək fəaliyyəti ilə bağlı yerli mediaya diqqət çəkən açıqlamalar verib.

Ermənistanda yeni partiya yaradılıb
O, jurnalistlərə müsahibəsində deyib ki, Akop Aslanyanla birgə yaratdığı “Vahid Milli Sosialist Partiyası"nın (MASC) əsas fəaliyyət istiqamətlərindən biri korrupsiyaya qarşı mübarizə olacaq. Deputat keçmiş prezidentlər, hərbi cani Robert Koçaryanla Serj Sarkisyanla bağlı da xəbərdarlıq edib.

“Bizim proqramın əsas müddəalarından biri də Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında, Rəqabətin Müdafiəsi Komissiyasında müxalifətin olmasıdır. Digər əsas məqam isə diasporla əlaqələrə aiddir. Biz dünya ermənilərindən ibarət ikipalatalı parlament sistemi təklif edirik. Onlar da öz nümayəndələri ilə birlikdə dövlətin bir hissəsi olsunlar. Əlbəttə, biz Robert Koçaryan-Serj Sarkisyan "ox"u ətrafında toplanmış qüvvələrlə əməkdaşlıq etməyəcəyik”-siyasətçi Qarabağ klnanından qaçmasını gizlətməyib.

Xatırladaq ki, oktyabrın sonunda parlamentdə Aqazaryanla İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Karamyan arasında mübahisə baş vermişdi və bu qalmaqal az qala davaya çevriləcəkdi. Az sonra Karamyan bir neçə digər nazirlərlə bərabər vəzifəsindən azad edildi. Mübahisəyə qatılan deputat Narek Zeynalyan isə istefa verib. Amma Aqazaryan mandatından imtina etmək istəməyib. O, “Mülki müqavilə”dən ayrıldıqdan sonra müstəqil deputat olub.

Öz növbəsində baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə Aqazaryanı deputat mandatından məhrum etmək lazımdır.

Yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə Ovik Aqazaryanın toxunulmazlığının ləğvi təklifi ilə çıxış edəcək. Bundan sonra Aqazaryanı həbs, yaxud ev dustaqlığı gözləyir. Siyasətçinin vəkili iddia edib ki, deputata qarşı cinayət işinin başlanması baş nazir Nikol Paşinyanın şəxsi sifarişi ilə həyata keçirilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Partiya  





Xəbər lenti