"İrəvan Kremlin səbr kasasını daşırır" - Ermənistan mediası

   "İrəvan Kremlin səbr kasasını daşırır"    - Ermənistan mediası
  14 Yanvar 2025    Oxunub:399
Bir neçə gün öncə Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləməsi yerli mediada birmənalı qarşılanmayıb. Ekspertlər, jurnalistlər bu qərarı əsasən anti-Rusiya addımı kimi qiymətləndirirlər. Məsələn, Past.am saytı yazır ki, məsələyə sərt reaksiya verən Kreml gözlənilməz addımlar da ata bilər.
"Düzdür, Paşinyan dərhal qeyd etdi ki, bu qərar Ermənistanın Avropa İttifaqına üzvlüyü anlamına gəlmir. Lakin o, belə bir fikir də səsləndirdi ki, məlum seçim ilə bağlı mütləq referendum keçirilməlidir. İrəvandakı siyasi elitanın “qərb qanadı” isə hazırda elə bir informasiya kampaniyası təşkil edib ki, guya Ermənistan artıq Aİ-nin üzvü seçilib",- müəllif yazıb.

Juravlyov: "Ermənistanı Avropa İttifaqında ölüm gözləyir!"
Nəşr xatırladıb ki, son proseslərdən sonra Rusiyadan qanun layihəsinə dair kifayət qədər sərt reaksiyalar gəlir. Müəllif xüsusilə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun bəyanatını xatırladıb. Overçuk deyib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ bir araya sığmır. Ona görə də rəsmi İrəvan bu iki struktur arasında seçim etməlidir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bəyan edib ki, "saqqalını qırxan Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) üzvü olduğunu xatırlasa, təəccüblənərəm. Kim bilir, bəlkə Ermənistan liderlərinin Avropa İttifaqı ilə "nişanlanmaq" niyyəti fonunda başqa variant da var... Birbaşa Avropa İttifaqı ilə əlaqə saxlamaq olar. Orada cənnət namizədlərinə pul və silahla kömək etməyi xoşlayırlar”.

Ermənistan nəşri ölkə rəhbərliyinə xəbərdarlıq da ünvanlayıb: "Bizdə olan məlumata görə, Rusiyanın artıq səbr kasası dolub. Dünən Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmədiyini bildirib. Maliyyə naziri Vahe Ovannisyan isə Avrasiya İqtisadi İttifaqından mümkün çıxışın risklərini qiymətləndirib. Güman ki, proses sürətlənəcək. Hətta yaxın günlərdə Rusiyanın özü belə Ermənistanın Aİİ-dən çıxması, eləcə də KTMT-dən kənarlaşdırılması prosesinin təşəbbüskarı olacaq. Bunun ölkəmiz üçün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq isə çətin deyil. Təsadüfi deyil ki, elə həmin Overçuk bir dəfə bəyan etmişdi ki, əgər onların Ermənistanda fəaliyyətləri məhdudlaşsa, Aİİ ilə əlaqələr zəifləsə, bir tərəfdən enerji resursları və ərzaq məhsulları bahalaşacaq, digər tərəfdən isə yerli məhsullarının ixracı 70-80 faiz azalacaq”.

Qeyd edək ki, Ermənistan son iki ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Kreml əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər isə hətta tez-tez Gümrüdəki hərbi bazanın ləğvi məsələsini qaldırırlar. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bununla bağlı bir neçə dəfə oxşar fikirlər səsləndiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti