ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır

ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
  25 Yanvar 2025    Oxunub:485
ABŞ ərazisinə qanunsuz daxil olan miqrantlar hərbi təyyarələrlə ölkədən hər gün deportasiya ediləcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində bildirib.

Homan qeyd edib ki, bu uçuşlar miqrantların deportasiyası üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin qanunsuz miqrantlara problemin həlli üçün başqa bir variant – könüllü getməyi təklif edib.

“Əgər siz ölkədə qanunsuz olarsınızsa, biz sizinlə məşğul olacağıq, çünki bu ölkənin qanunlarını pozmaq olmaz. Siz başa düşməlisiniz ki, bu ölkənin sərhədini qanunsuz keçməklə qanunu pozursunuz. Beləliklə, ölkədə qanunsuz olarsınızsa, sizin problemləriniz var. Ümid edirəm ki, belə insanların hamısı gedəcək”, – rəsmi şəxs vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək. Daha əvvəl respublikaçı dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrantların məcburi deportasiyası lehinə çıxış edib.

AzVision.az



Teqlər:





Xəbər lenti