Qrenlandiyanın əvəzində Kaliforniya

   Qrenlandiyanın əvəzində Kaliforniya
  10 Fevral 2025    Oxunub:627
Danimarkanın “Denmarkification” təşəbbüs qrupu prezident Donald Trampın Qrenlandiyanı Birləşmiş Ştatlara birləşdirmək istəyinə cavab olaraq krallığa ABŞ-nin Kaliforniya ştatını satın almağı təklif edib.
AzVision.az Avropanın “Politico” nəşrinin yaydığı məlumata görə, bu kampaniyanın təşəbbüskarı Ksavye Dyutua Kaliforniyanın 1 trilyon dollara və “Hollivud tərəfindən ödənilən Danimarka çörək məhsullarının ömür boyu tədarükü” bahasına başa gələcəyini iddia edib.

Onun fikrincə, ABŞ ilə “Lego” istehsalçısının nümayəndələri əlaqə saxlamalıdırlar, çünki “çatışmayan hissələrə görə əsəbiləşən uşaqlarla məşğul olmaq onları danışıqlar sahəsində mütəxəssis edib”. Kaliforniya ştatının alınması üçün vəsaiti isə Ksavye Dyutua kraudfandinq (digər insanların və ya təşkilatların səylərini dəstəkləmək üçün könüllü olaraq pullarını və ya digər resurslarını adətən İnternet vasitəsilə birləşdirən insanların kollektiv əməkdaşlıq) üsulu ilə toplamağı təklif edib.

“Bu, hər danimarkalıdan cəmi 200 min kroon deməkdir”, - təşəbbüs qrupunun saytında bildirilir.

Qrenlandiya ABŞ-yə “satılmaq” istəmir
Qrup artıq nə qədər pul yığıldığını göstərməsə də, 198 mindən çox insanın şatatın Danimarkaya qoşulması üçün petisiyaya imza atdığını iddia edir. Təşəbbüsün müəlliflərinin fikrincə, Donald Tramp Kaliforniyanı satmağa razı olacaq. Çünki ştatın “ən böyük pərəstişkarı” olmayan ABŞ prezidenti onu dəfələrlə ölkədə ən dağıdılmış ştat adlandırıb.

Qeyd edək ki, hələ andiçmə mərasiminə 2 həftə qalmış Donald Tramp Qrenlandiyanın ABŞ-yə birləşdirilməli olduğunu bildirib. O, Kopenhagenin buna razılaşmayacağı təqdirdə Danimarkaya yüksək ticarət tarifləri tətbiq edəcəyi ilə hədələyib. Yeri gəlmişkən, ilk prezidentlik dövründə də (2017−2021) Donalda Tramp Qrenlandiyanı almağı təklif etmişdi. Həm onda, həm də indi Danimarka və Qrenlandiya hakimiyyəti bu fikri dəstəkləməyiblər.

Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO-dakı müttəfiqlik öhdəliklərinə əlavə olaraq müqavilə imzalayıblar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən müdafiə etməyi öhdəsinə götürüb. Burada raket hücumu xəbərdarlığı sistemi kimi xidmət edən Amerikanın “Pituffik” kosmik bazası yerləşir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qrenlandiya   Kaliforniya   əvəzləmə  





Xəbər lenti