Türklər və azərbaycanlılar Strasburqda aksiya keçirəcək

Türklər və azərbaycanlılar Strasburqda aksiya keçirəcək
  22 Aprel 2013    Oxunub:1251
Strasburqda yaşayan onlarla türk və azərbaycanlı icmasının üzvü bu gün səhər saatlarında Avropa Şurası Parlament Assambleyasının binası qarşısında toplaşacaqlar.
Bu gün Strasburq prefekturası aksiyanın keçirilməsi üçün rəsmi icazə verib. Bu barədə məlumatı aksiyanın təşkilatçılarından olan, Strasburqda yaşayan türkiyəli jurnalist Mustafa Alınca verib.

Etiraz aksiyası fevralın 18-də Ermənistanda reallaşan prezident seçkilərinin total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilməsinə, Ermənistanda baş alıb gedən dövlət terroruna etiraz əlaməti olaraq baş tutacaq. Aksiya iştirakçıları “Ermənistanda diktaturaya son!”, “Avropa Şurası Parlament Assambleyasında Ermənistana yox!” şüarlarını səsləndirəcək, Avropa və dünya ictimaiyyətinin diqqətini bu ölkədə insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına yönəldəcəklər.

Qeyd edək ki, 2013-cü ilin fevralında Ermənistanda keçirilən prezident seçkiləri köhnə və hazırkı prezident Serj Sərkisyanın və komandasının törətdiyi total və kütləvi qanun pozuntuları ilə müşayiət olunub. Səslərin mütləq əksəriyyəti açıq-aşkar saxtalaşdırılıb, hakim komandanın namizədinin siyasi rəqibləri təqib edilib, döyülüb, hətta sui-qəsdə məruz qalıb. Buna misal olaraq müxalifətin əsas namizədlərindən biri Paruyr Hayrikyana qarşı sui-qəsd cəhdini, bu il yanvarın 31-də onun güllə ilə vurulmasını göstərmək olar. Onu da qeyd edək ki, digər ən şanslı müxalif namizəd Raffi Ovannisyan seçki saxtakarlığına etiraz əlaməti olaraq seçkidən dərhal sonra müddətsiz aclıq aksiyasına başlamışdı. Seçkidən sonra Ermənistanın bütün şəhər və kəndlərini etiraz aksiyaları bürümüşdü. Ermənistan hakimiyyət orqanları xalqın etirazlarını qəddarlıqla yatırıb, yerli polis seçkidən dərhal sonra ölkədə kütləvi həbslər aparıb.

Aprelin 22-də Strasburqda keçiriləcək etiraz aksiyasının təşkilatçıları da məhz bunları nəzərə alaraq Ermənistanda insan haqlarının, o cümlədən yerli vətəndaşların seçki hüququnun kütləvi şəkildə pozulmasına diqqət çəkməyə çalışacaqlar. Onlar Azərbaycanla müharibə şəraitində olan bu despotik ölkədə diktatura rejiminin tam şəkildə bərqərar olmasına etirazlarını bildirəcəklər. Tədbirdə məqsəd Ermənistanın Avropa Şurasının üzvü statusunun bu ölkədəki real vəziyyətə uyğunluğu məsələsini ön plana çəkməkdir.



Teqlər:





Xəbər lenti