Azərbaycan Küveytdə keçirilən tədbirdə təmsil olunub

Azərbaycan Küveytdə keçirilən tədbirdə təmsil olunub
  20 Fevral 2025    Oxunub:462
Küveyt Universitetinin təşkilatçılığı ilə Küveyt Dövlətinin Milli Gününə və onun 2025-ci il üçün Ərəb Dünyasının Mədəniyyət və Media paytaxtı seçilməsinə həsr olunmuş mədəni tədbir keçirilib.
AzVision.az Azərbaycanın Küveytdə səfirliyinə istinadla xəbər verir ki, tədbirdə müxtəlif sahələri təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin və bu ölkədə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan guşəsi qurulub.

Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milli geyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizm potensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkil olunub və maraqlı mədəni proqramlar təqdim edilib. Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə ətraflı məlumat verilib və çap materialları paylanılıb.

Bununla yanaşı, tədbir zamanı Küveyt Universitetində təhsil alan əcnəbi tələbələrin öz ölkələrinin bayraqları ilə yürüşü keçirilib. Tədbirdə Küveyt Universitetində təhsil alan tələbələrimiz milli geyimlərimizdə xalq rəqslərimizi nümayiş etdiriblər və onların rəqsləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər və şirniyyatlar təqdim olunub. Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti