WSJ: "HƏMAS hücuma hazırlaşır"

      WSJ:    "HƏMAS hücuma hazırlaşır"
  26 Fevral 2025    Oxunub:337
"Fələstinin HƏMAS qruplaşması Qəzza zolağında İsrailə qarşı yenidən döyüşlərə başlamaq niyyətindədir".
"The Wall Street Journal" qəzetinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, qruplaşma bu məqsədlə təlimlər keçir, öldürülmüş komandirlərin yerinə yeni komandirlər gətirir, habelə öz mövqelərini gücləndirirək, yeraltı tunellərdə təmir işləri aparır.

"Belə görünür ki, qruplaşma Qəzzada atəşkəsin pozulması ehtimalını gözləyir. Təşkilata təzə qoşulanlara silahdan istifadə və s. məlumatlar almaları üçün broşürlər paylayır", - qəzet yazır.

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında HƏMAS və İsrail arasında üçmərhələli atəşkəs sazişi qüvvəyə minib. Atəşkəsin ikinci mərhələsi fevralın 3-də başlayıb. Bu müddət ərzində tərəflər arasında əsir mübadiləsi həyata keçirilir. Eyni zamanda, HƏMAS da, İsrail də bir-birini tez-tez atəşkəsi pozmaqda günahlandırır.

Atəşkəsin mümkün surətdə geniş miqyasda pozulması ehtimalına qarşı İsrail də hazırlıqlar görür. Fevralın 21-də müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib.
Kats: "Terrorla əlaqəli hər kəsi aradan qaldıracağıq"

"Terrorçuların istənilən hücumu İsraili öz məqsədindən çəkindirməyəcək. Ekstremist islamçı terrorizmlə mübarizə aparırıq. Burada, Qəzzada və hər yerdə qalib gələcəyik", - Kats deyib.

İsrailin ifrat sağçı qanada mənsub maliyyə naziri Betsalel Smotriç də İsrail Ordusunu HƏMAS-a qarşı "dərhal döyüşlərə qayıtmağa" çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   münaqişə  





Xəbər lenti