London ukraynalıları təlimatlandırır

   London ukraynalıları təlimatlandırır
  10 Mart 2025    Oxunub:812
Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü ərəfəsində London Kiyevlə məsləhətləşmələr aparır.
AzVision.az xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, Ukrayna rəsmiləri ilə Böyük Britaniyanın baş nazirinin Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauel arasında bir sıra görüşlər keçirilib.

“Son görüş martın 9-da baş tutub, həmin gün Pauel Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla mühüm təhlükəsizlik məsələlərini müzakirə edib. Pauel amerikalı həmkarı Mayk Uoltsla da Ukrayna haqda danışıb”, - qəzet bildirir.

Nəşrin ehtimalına görə, Pauel Kiyevə Vaşinqtonun tələblərinə cavab verməyə hazır olduğunu sərgiləməyi məsləhət görür.

Tramp Zelenskinin getməsini istəyir
Böyük Britaniyanın baş naziri Keir Starmer, öz növbəsində, Fransa prezidenti Emmanuel Makron və tezliklə ABŞ-yə səfər edəcək NATO-nun baş katibi Mark Rütte ilə də Ukrayna məsələləri barədə müzakirələr aparıb. Starmer ABŞ kəşfiyyatının məlumatlarının Ukraynaya ötürülməsinin bərpası mövzusunu da qaldırıb.

“CNN” və “Fox” telekanallarının məlumatına görə, Ukrayna ABŞ-dən yalnız müdafiə üçün lazım olan məlumatları almağa davam edir. Bununla belə, bu gün ABŞ prezidenti Donald Tramp onun administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini “demək olar ki,” bərpa etdiyini açıqlayıb.

Xatırladaq ki, bu gün Volodimir Zelenski Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. Martın 11-də Amerika və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlarda isə onun iştirakı nəzərdə tutulmayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   London   Kiyev   təlimat  





Xəbər lenti