Trampın sayəsində Kiyevin tankları "əbədi təmirə" göndərildi

  Trampın sayəsində Kiyevin tankları "əbədi təmirə" göndərildi
  11 Mart 2025    Oxunub:927
ABŞ-nin Kiyevə hərbi yardımı dayandırmaqla bağlı qərarı Ukrayna Silahlı Qüvvələrinin əlində olan Amerika texnikasını cəbhə xəttində yararsız vəziyyətə gətirib. Çünki ukraynalılar bu müasir texnikaları özləri təmir edə bilmirlər.
Bu fikirlər "Business Insider"də dərc olunan məqalədəndir.

Tramp: “Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi bərpa olunub"
Ali Radanın deputatı Sergey Raxmanin nəşrə verdiyi açıqlamada deyib ki, ukraynalı hərbçilər Rusiyanın Kursk vilayətində ABŞ istehsalı olan çoxlu sayda zirehli texnikaya güvənirlər. Lakin rəsmi Vaşinqtonun hərbi yardımları dondurması fonunda ilk növbədə tanklar yararsız hala düşüblər.

Məqalə müəllifi xatırladıb ki, əvvəllər Ukrayna Silahlı Qüvvələrinin əlində olan NATO hərbi texnikaları cəbhədə zədələnəndən sonra təmir üçün Şimali Atlantika Alyansının bu və ya digər ölkəsinə aparılırdı: "Lakin indi vəziyyət belə deyil. Kiyevdəkilər Qərb texnikalarını müstəqil şəkildə təmir edə bilmədiklərini gördülər".

“Kiçik detalları istisna olmaqla, işlək vəziyyətdə idarə edilən tanklarımız var. Biz o detalları istehsal edə bilmirik. Çünki bizdə çertyojlar və ya bununla bağı xüsusi icazələr yoxdur”, - Raxmanin gileylənib.

Xatırladaq ki, bir müddət öncə Vaşinqtona gedən Vladimir Zelenski ilə Tramp arasında siyasi qalmaqal yaşanmışdı. Bundan sonra Ağ Ev rəhbəri Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ Ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ   Tank  





Xəbər lenti